BAKI, 24 iyul. TELEQRAF
Ölkənin 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev paylaşımında məlumat verib.
Nazir qeyd edib ki, qəbul 32 620 plan yeri üzrə aparılacaq.
"Bu isə son illərin ən yüksək göstəricisidir. Onu da qeyd edim ki, növbəti tədris ilində 10 yeni ixtisasa və beynəlxalq sertifikat əldə etmək imkanı verən 6 ixtisasa tələbə qəbulu aparılacaq. Məqsədimiz peşə təhsilini əmək bazarının real tələblərinə uyğunlaşdırmaq və gənclərimizə rəqabətqabiliyyətli peşə bacarıqları qazandırmaqdır", - paylaşımda qeyd edilib.