Ajans.az xəbər verir ki, Rusiya müvəqqəti olaraq xarici neft tankerlərinin özünün əsas Qara dəniz limanlarında yüklənməsini qadağan edib. Bu barədə Reuters sənaye mənbələrinə istinadla məlumat verib. Fövqəladə Hallar üzrə Federal Təhlükəsizlik Xidmətinin (FSB) icazəsi olmadan Qara dəniz limanlarına daxil olmaq qadağası, faktiki olaraq, ABŞ şirkətlərinin də iştirak etdiyi konsorsium vasitəsilə həyata keçirilən Qazaxıstan neftinin ixracını dayandırır. Bu qərar dünya üzrə neft tədarükünün təxminən iki faizinin azalmasına səbəb ola bilər. Xarici tankerlərin limanlara girişinə qoyulan məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən və Kaspiy Boru Kəməri Konsorsiumunun (KTK) fəaliyyətinin çətinləşməsindən sonra qəbul edilib. Qeyd edək ki, konsorsiumun səhmdarları arasında Chevron və ExxonMobil kimi Amerikanın enerji nəhəngləri də yer alır. KTK Qazaxıstan neftinin 80 faizdən çoxunu boru kəməri ilə nəql edir və bu neft Rusiya ərazisində yerləşən "Cənubi Ozereyevka" terminalı vasitəsilə ixrac olunur. Əvvəllər Rusiya limanlarına gəmilərin giriş qaydalarını Nəqliyyat Nazirliyi müəyyən edirdi və yalnız hərbi-dəniz bazasına yaxın limanlar üçün xüsusi prosedur tətbiq olunurdu. İyulun 21-dən etibarən bu səlahiyyətlər FSB-yə ötürülüb və prezidentin “Hərbi vəziyyət haqqında” qanuna əsasən qaydalar sərtləşdirilib.