İki həftə öncə "Turan Tovuz"dan ayrılan Orxan Əliyev özünə yeni iş yeri tapıb.

29 yaşlı hücumçu karyerasını Qırğızıstanın “Ozgon” klubunda davam etdirəcək.

Bu barədə Offsideplus.az saytına futbolçunun özü məlumat verib.

O, yeni klubu ilə 6 aylıq, yəni 2025 mövsümünün sonunadək imza atdığını bildirib.

Transfer dəyəri 450 min ABŞ dolları olan Orxan komandasının ən bahalı futbolçusuna çevrilib.

"Ozgon" yaz-payız sistemi üzrə keçirilən Qırğızıstan çempionatında birinci dövrədən sonra 14 kollektiv arasında 8-ci yeri tutur.

Bu komandada azərbaycanəsilli müdafiəçi, U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyev da forma geyinir.

Qeyd edək ki, azərbaycanlı futbolçular son vaxtlar Qırğızıstan çempionatına böyük üstünlük verirlər.

Sözügedən çempionatda həmvətənlərimizdən "Alay"da Nazim Məmmədzadə, Ramin Əhmədov, Qabil Nurəhmədov, İldar Ələkbərov, "Kırqızaltın"da Andrey Popoviç, "Abdış-Ata"da Mirabdulla Abbasov və İlkin Muradov çıxış edir.