Bu gün Bakıda keçirilən “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda hibrid formatlı beynəlxalq konfransda Milli Məclisin deputatı Azər Allahverənov geniş çıxış edib.
QHT.az xəbər verir ki, çıxışına 22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başlayan deputat, jurnalistlərin Azərbaycanın apardığı informasiya savaşında ön cəbhədə yer aldıqlarını və bu sahədəki uğurlarının təqdirəlayiq olduğunu bildirib. Daha sonra Fransanın müstəmləkəçilik siyasətinə və insan haqları ilə bağlı mövcud vəziyyətə toxunan Azər Allahverənov bildirib ki, bu məsələ Azərbaycan üçün də həssas mövzulardan biridir:
“Əgər hər hansı bir məsələdə müstəmləkəçilik elementi varsa, bu, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Tarixin müxtəlif dövrlərində xalqımız da bu cür təzyiqlərə məruz qalıb. Hər zaman mübarizə aparmışıq – XVII, XIX, XX əsrlərdə ziyalılarımız və milli dəyərlərimizi təmsil edən şəxslər mərkəzləşdirilmiş siyasi mərkəzlərə qarşı müqavimət göstəriblər. Bu gün Azərbaycan müstəqil dövlətdir və keçdiyi yol bir çox ölkələr üçün nümunə ola bilər. “1991-ci ildən bu günə qədər müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük sınaqlardan keçmişik. 30 ilə yaxın torpaqlarımızın işğal altında qalması hər bir azərbaycanlının ürəyində ağrı olub. Amma biz heç zaman suverenliyimizi unutmadıq, əksinə, onu bərpa etməyə doğru irəlilədik.”
Azər Allahverənov çıxışında Azərbaycanın əldə etdiyi uğurların nəticəsində artıq ölkənin ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayıb və bunun Azərbaycan xalqının milli iradəsi və mübariz ruhunun təntənəsi olduğunu qeyd edib.
Pərvanə Fərhadqızı