AZ

Çin Rusiyaya PUA-lar üçün mühərrikləri soyuducu avadanlıq adı altında tədarük edir

Çin pilotsuz uçuş aparatları istehsal edən Rusiya dövlət müəssisəsinə mühərrikləri formal olaraq "sənaye soyuducu qurğuları" kimi qeydiyyata alaraq, vasitəçi şirkətlər üzərindən gizli şəkildə çatdırır. Bu addım Qərb sanksiyalarının qarşısından yayınmaq məqsədi daşıyır...

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi üç Avropa təhlükəsizlik rəsmisinə və sənədlərə istinadən yazıb.

Məlumata görə, bu təchizatlar Rusiya silah istehsalçısı "IEMZ Kupol" müəssisəsinə ABŞ və Aİ-nin oktyabr ayında tətbiq etdiyi sanksiyalara baxmayaraq, "Garpiya-A1" zərbə dronlarının istehsalını artırmağa imkan verib.

"Kupol" şirkətinin daxili sənədində göstərilir ki, müəssisə bu il Rusiya Müdafiə Nazirliyi ilə 6 mindən çox "Garpiya" dronunun istehsalı barədə müqavilə imzalayıb. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 2 min idi. Sənəddə bildirilir ki, aprelin sonuna qədər artıq 1500-dən çox pilotsuz aparat tədarük edilib.

Ukrayna hərbi kəşfiyyatının Reuters-ə verdiyi açıqlamada qeyd olunur: "Uzaq mənzilli dronlardan Ukraynanın dərinliklərində yerləşən mülki və hərbi obyektlərə hücumlarda istifadə olunur və Rusiya ayda təxminən 500 belə aparat işlədir".

Çin Xarici İşlər Nazirliyi isə agentliyə göndərdiyi bəyanatda, "Garpiya" üçün detalların ixracından xəbərsiz olduqlarını bildirib və ikili təyinatlı malların ixracının ölkənin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun şəkildə tənzimləndiyini vurğulayıb.

"Çin hər zaman BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən və beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşı çıxır", deyə nazirliyin bəyanatında qeyd olunub.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Vitaker daha əvvəl bəyan etmişdi ki, Çin Rusiyaya Ukraynaya qarşı müharibədə yardım etdiyinə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, Çin bu dəstək vasitəsilə yanlış hesablamaya yol verib.

"Düşünürəm ki, onlar Ukraynada baş verən qətlləri subsidiyalaşdırdıqları üçün cavab verməlidirlər", deyə Vitaker vurğulayıb.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr