BAKI,TurkicWorld
Tayland və Kamboca arasında sərhəd boyunca gərginlik kritik həddə çatıb.
TurkicWorld xəbər verir ki, Tayland ordusu 24 iyul tarixində sərhəd bölgəsində Kamboca hərbi mövqelərinə qarşı F-16 qırıcı təyyarələri ilə hava hücumu həyata keçirib.
Tayland ordusunun 2-ci regional komandanlığından verilən məlumata görə, hava hücumları nəticəsində Kambocaya məxsus iki hərbi dəstə məhv edilib. Ordunun sözçüsü, polkovnik Riça Suksuvanont bildirib ki, zərbələr yalnız hərbi obyektlərə yönəlib.
Hadisə, bir gün öncə bir taylandlı əsgərin mina partlayışı nəticəsində ayağını itirməsindən sonra baş verib. Tayland ordusu, bu hücumu təxribat kimi qiymətləndirib.
Toqquşmaların Ta Muen Thom məbədi yaxınlığında başladığı qeyd olunub. Tayland ordusu Kamboca qüvvələrinin dronlarla müşahidə apardıqdan sonra silahlı hücuma keçdiyini bildirib. Ardınca Surin əyalətinin Kap Çoeng bölgəsində mülki ərazilərə ağır silahlarla atəş açıldığı və üç mülki şəxsin yaralandığı açıqlanıb.
Kamboca Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Maly Socheata isə insidentə görə Tayland əsgərlərini ittiham edib.
Kamboca baş naziri Hun Manet isə ölkəsinin Oddar Meançi və Preah Vihear əyalətlərində yerləşən mövqelərinin Tayland tərəfindən bombalandığını bildirib.
“Biz hər zaman sülh tərəfdarı olmuşuq, lakin bu halda silahlı müdaxiləyə cavab verməyə məcbur qaldıq” – deyə o paylaşımında qeyd edib.
Hadisədən sonra Tayland hökuməti Kambocadakı səfirini geri çağırıb və Kamboca səfirini ölkədən çıxarıb. Cavab olaraq, Kamboca diplomatik əlaqələri “ən aşağı səviyyəyə” endirdiyini və bütün diplomatik heyətini geri çağırdığını bəyan edib.
Məlumata görə, bölgədəki iki xəstəxana artıq xəstələrin təxliyyəsinə başlayıb. Ən azı iki taylandlı əsgərin yaralandığı bildirilib.