“Liverpul”un 33 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salah Afrika futbol tarixinin ən yaxşı oyunçusu ilə bağlı sualı cavablayb.
Arena.az “France Football” dərgisinə istinadən, Salahın müvafiq açıqlamasını təqdim edir:
“Tarixdə ən yaxşı afrikalı futbolçu? Onlar çox olublar. Mən Corc Veanı, Didye Droqbanı və Samuel Eto’Onu xatırlada bilərəm, amma buna rəğmən, özümü bütün zamanların ən yaxşı afrikalı oyunçusu hesab edirəm”, deyə Salah vurğulayıb.
Vurğulayaq ki, Məhəmməd Salah “Liverpul”un canlı əfsanəsi olaraq qəbul edilir. Misirli futbolçu 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah artıq geridə qalmış 2024/2025-ci illər mövsümündə “qırmızılar”ın heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 34 qol vurub, 23 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 401 oyun, 245 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Məhəmməd Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.