Rəsmi Tehran son iki həftə ərzində İranın müxtəlif bölgələrində baş verən partlayış və yanğınların İsrail agentlərinin təşkil etdiyi təxribatın nəticəsi ola biləcəyi ehtimalını nəzərdən keçirir.
Hafta.az-ın yazdığına görə, son iki həftədə yaşayış binasında və neft emalı zavodunda, həmçinin aeroport yolunda və ayaqqabı fabrikində yanğınlar baş verib. Rəsmilər insidentlərin qaz sızması və ya köhnəlmiş infrastruktur problemlərindən qaynaqlandığını bildirib.
Bununla belə, adının açıqlanmasını istəməyən üç İran rəsmisi hadisələrin arxasında Mossad-ın ola biləcəyini ehtimal edir.
Rəsmilər Qum şəhərində mənzildə güclü partlayışın "qaz sobalarının açıq qalması" səbəbindən baş verdiyini bildiriblər. Mənzilin təxribat məqsədilə icarəyə götürüldüyü ehtimal edilir.
Eynilə, Tehranda ədliyyə işçilərinin məskunlaşdığı şəxsi iqamətgahda baş vermiş partlayış “məhkəmə üzvlərini qorxutmaq” məqsədi daşıyan təxribat hesab olunur. İnqilab Keşikçiləri Korpusunun rəsmisi bildirib ki, bu hadisələrin “gündəlik baş verməsi” cəmiyyətdə və dövlətdə ciddi narahatlıq yaradıb. Abadanda neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb. Mənbələr bu strateji məkanın İsrail agentləri tərəfindən hücuma məruz qaldığını ehtimal edir.
Hesabatda ictimaiyyətin əsasən İsraillə müharibənin bitmədiyinə inandığı vurğulanır. Kaşan şəhərindən olan dükan sahibi Məhəmməd deyir: “Bir çoxumuz bunun İsrailin işi olduğunu və müharibənin yenidən başlayacağını düşünür. O qeyd edir ki, şəhərin İsfahan nüvə obyektinə yaxın olması sakinlərin narahatlığını artırıb".
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın müşaviri Mehdi Məhəmmədi bu hücumların “proqnozlaşdırıla bilən” olmadığını iddia edir və İsraillə gərgin vəziyyəti vurğulayır: "Hazırda atəşkəsdə belə deyilik. O dayandırılıb və kövrəkdir. Bu, hər an bitə və biz müharibəyə qayıda bilərik".
İsrailin 13 iyun hücumu ilə başlayan qarşıdurmalarda İran dərhal cavab verdi. ABŞ da müdaxilə edərək, iyunun 22-də İranın İsfahan, Fordo və Natanz obyektlərinə hava zərbələri endirib. Əməliyyatda 14 GBU-57 "bunker dağıdan" bomba istifadə edilib.
Əməliyyatdan sonra Vaşinqton iyunun 24-də tərəflər arasında atəşkəs elan edib.
Toqquşmalar zamanı məlum olub ki, Mossad Tehranda gizli pilotsuz təyyarə bazası yaradıb. Kəşfiyyat qurumunun komandolarının hücumdan aylar əvvəl paytaxta sızdığı və əməliyyat zamanı İranın hava hücumundan müdafiə sistemlərini məhv etdiyi də müəyyənləşib. Mossad da hücumlarda casusların iştirakını təsdiqləyib.
Mossad-ın direktoru David Barnea atəşkəsdən sonra verdiyi açıqlamada, İran torpaqlarında yüzlərlə agenti işlətdiklərini bildirərək, "Daha əvvəl etdiyimiz kimi, İranda da fəaliyyətimizi davam etdirəcəyik" deyib.