AZ

Ağasəlim Mircavadov: “Qarabağ” ustalıq və təcrübənin hesabına qalib gəldi”

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı. Bizim.Media xəbər verir ki, komanda ikinci təsnifat mərhələsinin ilk matçında səfərdə İrlandiyanın “Şelburn” klubuna 3-0 hesabı ilə qalib gəldi. Komanda rəqibdən çox üstün oynamasa da hər halda Bakıya çox sərfəli nəticə ilə qayıtdı.

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Bizim.Media-ya açıqlamasında Ağdam klubunun oyununu dəyərləndirib. Onun fikrincə “Qarabağ” ustalıq və təcrübənin hesabına rəqibi üstələdi:

“Qarabağ” çox istəkli görünürdü. Xüsusilə ilk 20 dəqiqəni komanda çox yaxşı keçirdi. Hazırlıq baxımından hiss olunurdu ki, futbolçular çox yüklənib. Ancaq bu oyunda yaxşı tərəfdən özünü göstərdi.

Qurban Qurbanovun həmişə tətbiq etdiyi oyun üslubu var. Bu üsluba üstünlük verib komanda yaxşı nəticə qazandılar. Xüsusilə ustalıq və təcrübə burada öz sözünü dedi. 3-0 çox yaxşı hesabdır. Amma ikinci oyunda biz tamamilə başqa oyunun şahidi olacağıq”.

Təcrübəli məşqçi həmçinin “Qarabağ”ın yeni transferləri haqqında da danışıb:

“Bu gün əsasən onların ikisinin oyununu gördük. Pis oynamadılar. Ancaq onların komandaya hələ tam uyğunlaşması lazımdır. Yəqin ki, oyundan oyuna artıracaqlar. “Qarabağ” ciddi itki ilə oynayırdı. Bunu da nəzərə almaq lazımdır. Yankoviç zədəli idi. Yeni transferlərdən biri olan Bikalyo məhz onun mövqeyində oynayırdı. Bu oyunla bərabər “Qarabağ”ın hazırlığı da davam edir. Növbəti mərhələ üçün komanda yaxşı vəziyyətdə olacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
54
bizim.media

1Mənbələr