AZ

Evi sənədsiz olanlara müjdə: PROSES BAŞLADI

Azərbaycanda minlərlə insan illərdir yaşadıqları evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmədiyi üçün hüquqi qeyri-müəyyənlik içində yaşayır. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı. Nəhayət, bu problemə son qoyacaq addım atılıb: Prezident İlham Əliyevin imzaladığı fərmanla sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələrinin mülkiyyət hüququnun tanınmasına və bu torpaqlar üzərindəki evlərin sənədləşdirilməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, Prezidentin imzaladığı son fərmanla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısına dəyişiklik edilib. Bu dəyişikliklə sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələri üzrə hüquqlar tanınacaq və müvafiq çıxarışlar veriləcək.

Söhbət daha çox Azərbaycan SSR dövründə Xalq Deputatları Sovetləri tərəfindən vətəndaşlara müvəqqəti və ya daimi istifadəyə ayrılmış torpaq sahələrindən gedir. Həmin torpaqlarda son 35-40 ildə evlər tikilib, həyətlər salınıb, ancaq insanlar dövlət reyestrindən çıxarış ala bilməyiblər.

İndi isə həmin torpaq sahələrinə dair mövcud sənədləri olan şəxslər müvafiq qurumlara müraciət edərək rəsmi sənədlərini əldə edə biləcəklər.

Fərman yalnız sovet dövründə verilmiş torpaq sahələrinə şamil edilir. Yəni bələdiyyələrdən alınmış və hələ də çıxarışı olmayan torpaqlar bu mərhələdə əhatə olunmur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, artıq proses başlayıb və vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər.

Qurumdan qeyd olunub ki, sovet dövründən qalan vətəndaşların istifadəsində olan, ilkin sənədləri mövcud torpaqlar dövlət reyestrinə daxil ediləcək və sahiblərinə çıxarış təqdim olunacaq.

Bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur. Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır. Bu da o deməkdir ki, Abşeron yarımadasında olan təqribən 500 min sənədsiz evdən böyük bir hissə hələ də hüquqi qeydiyyatdan kənardadır. Lakin ekspertlərin fikrincə, bu fərman ən azı 150-200 min ailənin problemini həll edə bilər. Bu isə ciddi rəqəmdir.

Bizim.Media

Seçilən
98
3
bizim.media

4Mənbələr