Elçin Rüstəm: “Xarici, çinli turistlərin sayının çox olması daxili turizm sektoruna ciddi maliyyə töhfəsi verə bilər”
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələn turist sayı 1,6 dəfə artıb. Ötən illərlə və digər ölkələrlə müqayisədə Çindən ölkəmizə gələn səyahətçilərin sayı artıb.
“Ölkəmizə turist axınının başlıca səbəbi bu istiqamətdə düzgün təbliğatın qurulması ilə bağlıdır”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkəmizə turist axınının başlıca səbəbi bu istiqamətdə düzgün təbliğatın qurulması ilə bağlıdır: “Biz bütün beynəlxalq sərgilərdə iştirak edirik.
Son iki-üç ildə Çin bazarı da ölkəmizə diqqət yönəldib. Viza rejiminin ləğv edilməsi ölkəmizə turist axınında böyük rol oynayıb. Nəinki Bakıda, regionlarda da hotellərin sayı artıb. Bu il hətta regionlarda da boş hotel yoxdur. Hesab edirəm ki, turistləri Azərbaycana cəlb etmək üçün milli yeməklərimizi reklam edib, onların paketlərinə əlavə etmək lazımdır".
Həmsöhbətimiz hesab edir ki, ölkəyə daha çox turist cəlb etmək və artım tempini qoruyub saxlamaq üçün atılacaq addımlar sırasında müntəzəm təbliğat da yer almalıdır: “Biz ölkəmizə fərqli ölkələrdən turistlər cəlb etməyə çalışmalıyıq. Ölkəyə gələn turistlərin say artımı üçün hava yolu şirkətlərinin qiymətləri də münasib olmalıdır. Nəzərə almaq lazımdır ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur.
Onu da deyim ki, xarici turistlərin sayının çox olması daxili turizm sektoruna ciddi maliyyə töhfəsi verə bilər. Bu imkanlardan yararlanmaq üçün Azərbaycan turizm şirkətləri Çində daha aktiv təbliğat aparmalıdır”.
Günel CƏLİLOVA