İstanbulda keçirilən növbəti Rusiya-Ukrayna danışıqlarından sonra nümayəndə heyətlərinin rəhbərlərinin bəyanatları göstərdi ki, tərəflər nə mümkün atəşkəs, nə də dövlət başçılarının görüşü məsələsində irəliləyiş əldə edə bilməyib...
Poliqon xəbər verir ki, hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyaya yönəltdiyi sərt ultimatum, payıza qədər tərəqqi olmasa, sərt sanksiyalarla hədələməsi də bu mövqelərin yaxınlaşmasına səbəb olmayıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıqlarla bağlı açıqlamasında bildirib ki, Kiyev avqustun sonuna qədər prezidentlər Vladimir Zelenski və Vladimir Putin arasında Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə görüş təşkil edilməsini təklif edib.
Ukrayna tərəfi həmçinin atəşkəsə, o cümlədən mülki və kritik infrastruktur obyektlərinə zərbələrin dayandırılmasına hazır olduğunu bəyan edib. Danışıqlarda tərəflərin nəzarətində olan mülki şəxslərin və hərbi əsirlərin mübadiləsi məsələləri də müzakirə olunub. Umerovun sözlərinə görə, Rusiya tərəfi üç ildən çoxdur əsirlikdə olan, o cümlədən ağır yaralanmış və gənc ukraynalıların qaytarılmasına razılıq verib. Ümumilikdə, mübadilədə 1200-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.
Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski danışıqların nəticələrinə dair açıqlamasında bildirib ki, Moskva siyasi, humanitar və hərbi məsələlər üzrə üç işçi qrupun yaradılmasını və bu qrupların onlayn formatda işləməsini təklif edib. Ukrayna tərəfi bu təklifi nəzərdən keçirməyə razılıq verib.
Rusiya cəbhə xətti boyunca 24-48 saatlıq qısamüddətli atəşkəslərin elan olunması imkanını da bir daha gündəmə gətirib. Məqsəd yaralıların və həlak olmuşların təxliyəsi üçün şərait yaratmaqdır. Medinskinin sözlərinə görə, tərəflər 1200-ə qarşı 1200 əsirin dəyişdirilməsi barədə razılığa gəliblər. Rusiya tərəfi daha çox əsir verməyə hazır olduğunu bildirib: “Əgər Ukrayna tərəfi bizdən olan daha çox əsir tapsa, bu rəqəm artırıla bilər”.
Medinski qeyd edib ki, Rusiya 3000 nəfər həlak olmuş ukraynalı hərbçinin cəsədini Ukraynaya qaytarmaq təklifi irəli sürüb. Müzakirələr zamanı məcburi köçürülmüş mülki şəxslərin qaytarılması məsələsi də gündəmdə olub. Medinski Ukraynanı Kursk vilayətindən olan qaçqınları geri qaytarmamaqda ittiham edib. “Əgər onları döyüşlərdən xilas etmək üçün çıxarmısınızsa, evlərinə qaytarın. Yox əgər girov götürmüsünüzsə, bunu açıq şəkildə etiraf edin. Belə olan halda biz onları hərbi əsirlərlə dəyişməyə hazırıq”, — deyə o bildirib.
Tərəflər, həmçinin ağır yaralıların və xəstələrin birbaşa cəbhə xəttində müddətsiz şəkildə dəyişdirilməsi barədə razılığa gəliblər. Türkiyədə keçirilmiş əvvəlki görüş zamanı təqdim olunan memorandumlardakı mövqelər də ətraflı müzakirə olunub. Medinski qeyd edib ki, tərəflərin mövqeləri hələ də kifayət qədər fərqlidir. Lakin nümayəndə heyətləri və gələcəkdə işçi qruplar səviyyəsində təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Rusiya tərəfi Ukraynanın əvvəlki görüşdə təqdim etdiyi 339 uşaqdan ibarət siyahını tam şəkildə yoxladığını bildirib. Medinskinin “Birinci kanal”a verdiyi açıqlamaya görə, siyahıdakı “böyük sayda” uşaq ümumiyyətlə Rusiyada olmayıb və təxminən 50 nəfərin isə uşaq olmadığı məlum olub.
Zelenski ilə Putin arasında görüş təşkil olunması ilə bağlı Ukraynanın təklifinə isə Medinski yalnız Rusiya telekanalının çəkiliş qrupunun sualından sonra münasibət bildirib: “Belə bir görüş üçün əvvəlcə razılaşma şərtləri hazırlanmalıdır. Bu görüşdə şərtlər müzakirə edilməməli, yekun vurulmalıdır”, deyə Medinski bildirib.
Medinski NATO Baş katibi Mark Ryuttə xüsusi olaraq ünvanlanmış tarixi analoqa da toxunub: “Çində bir vaxtlar Çan Kayşi və Mao Tszedun arasında vətəndaş müharibəsi vardı. Çan Kayşi daim şəxsi görüş təkidində idi. Onlar təxminən beş dəfə görüşdülər, şəkil çəkdirdilər. Amma bu, müharibəni bitirmədi. Nəticədə isə, Qərbin genişmiqyaslı dəstəyinə baxmayaraq, kommunistlər qalib gəldi”.
Medinski daha bir tarixi misal çəkərək, Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalar və ABŞ tərəfindən təzyiqlərin artması ilə bağlı suala belə cavab verib:
“1920-ci ildə inqilab və vətəndaş müharibəsindən sonra biz diplomatik və iqtisadi blokadaya məruz qaldıq. Bu, İkinci Dünya Müharibəsində qalib gəlməyimizə mane olmadı”, Putinin nümayəndəsi vurğulayıb.
Poliqon.info