AZ

Elxan Şahinoğlu: Qərb Ermənistanı deyil, sabahkı sülhü baltalayır

Belçika parlamenti Paşinyandan da radikal oldu 

"Qərb sülhə yox, qarşıdurmaya işləyir – Ermənistanı fəlakətə sürükləyirlər"


Belçika Nümayəndələr Palatası iyulun 17-də Azərbaycanın daxili işinə qarışaraq qətnamə qəbul edib. Maraqlıdır ki, Nümayəndələr Palatası iyulun 17-dəki plenar iclasında ötən beş ildə verdiyi açıqlamalara və qətnamələrinə yeni heç bir mövzu əlavə etməyib. "Humanizm" prinsiplərindən çıxış edən palatanın anti-Azərbaycan tezislərində, qətnamə və çıxışlarında əsas mövzular dəyişməz olaraq qalır. Onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozmuş, konstitusiya quruluşunu dəyişməyə səy göstərmiş, habelə müxtəlif qanunsuz silahlı qruplar yaratmaqda təqsirli bilinənləri müdafiə etməklə cinayətkarlıqda ittiham olunanlara dəstək veriblər. Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan bəhs edib. O, Ermənistanda "ikinci dövlətin" mövcudluğuna icazə verməyəcəyini bildirib. Belçika Nümayəndələr Palatası isə “qaşınmayan yerdən qan çıxarmaq” kimi ənənəvi davranışını davam etdirir. Bu palata sanki Avropa Parlamentinin filialı rolunda çıxış edir. Çünki Avropa İttifaqının parlamenti anti-Azərbaycan çıxışlarına görə bu sahədə öndə gedir. Belçika və Niderland Krallığı da onu yamsılayır. 44 günlük müharibə başa çatandan sonra 2020-ci ilin dekabrında Belçikanın Nümayəndələr Palatası öz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Deputatlar Belçika hökumətini ermənilərə yardım etməyə çağırmışdı.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Belçika Parlamenti "Qarabağda etnik təmizləmə" ilə bağlı mənasız sənədlər qəbul edəndə həm öz ölkəsinin Azərbaycanla münasibətlərinə problem yaradır, həm də Ermənistanın özünə pislik edir. Ekspert vurğulayıb ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan cəmiyyəti Qarabağın Azərbaycan ərazisi olduğu reallığını qəbul edib, "etnik təmizləmə" söhbətini etmirlər:

 "İrəvan Bakı ilə sülh sazişinin imzalanması məqsədilə danışıqları intensivləşdirib. Ermənistanın baş naziri bir dəfə də dilinə “etnik təmizləmə” ifadəsini gətirməzkən, Qərbdəki bəzi dairələr ermənidən çox erməni olmağa çalışırlar. Onlar ermənilərə kömək etmək istədiklərini göstərmək istəyərkən, əslində, ən böyük pisliyi elə ermənilərə edirlər. Bir gün Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Qərbdəki həmin dairələrin özləri pis vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ və Belçikadakı səfirliklərimiz fəallıqlarını artırmalıdırlar. Erməni lobbisi həmin ölkələrdə güclü ola bilər, ancaq onların müxtəlif ölkə parlamentlərinə nüfuz etmələriylə mübarizəni gücləndirmək lazımdır. Məsələn, ABŞ Senatının üzvü, Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü Rayli Mur Konqresə Azərbaycana qarşı yeni qətnamə layihələri təqdim ediblər. ABŞ Prezidenti Donald Tramp isə azərbaycanlı həmkarı İlham Əliyevin Qarabağdakı çıxışının bir hissəsini sosial şəbəkəsində paylaşıb. ABŞ Konqresində Trampı dəstəkləyən respublikaçı az deyil. Həmin respublikaçılardan bir neçəsi ABŞ-nin Azərbaycanla əməkdaşlığının vacibliyi və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıyla bağlı bölgə və ölkəmiz lehinə qətnamə hazırlaya bilməzlərmi? Bu mümkündür, sadəcə, bunun üçün fəallığımızı artırmalıyıq, əks halda hər dəfəsində erməni lobbisinin təxribatlarının nəticələriylə mübarizə aparmalı olacağıq". 
Seçilən
74
sherg.az

1Mənbələr