2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Prezident İlham Əliyevin milli ideologiyaya sadiqliyinin və dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Bu qərar yalnız hüquq və konstitusion anlamı daşımır, o, həm də Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan mübarizələrin, istiqlal arzusunun və müstəqillik uğrunda verilən qurbanların məntiqi davamıdır. Bu təşəbbüs eyni zamanda milli ideoloji konsolidasiyanın, dövlət suverenliyinin və konstitusion əsasların XXI əsrin çağırışlarına cavab verəcək şəkildə möhkəmləndirilməsini nəzərdə tutur.
Qeyd etməliyik ki, suverenlik - dövlətin daxili və xarici siyasətində müstəqil qərar vermək səlahiyyətidir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ən böyük hədəflərdən biri məhz bu suverenliyi qorumaq və möhkəmləndirmək idi. 1990-cı illərin əvvəllərində baş verən xaos, vətəndaş qarşıdurması və erməni təcavüzü ölkəmizin real suverenlik imkanlarını məhdudlaşdırmışdı. Bu mənada suverenlik yalnız beynəlxalq tanınma deyil, həm də effektiv idarəetmə, hüquqi sistemin işləməsi, ərazi bütövlüyünün qorunması və Konstitusiya əsasında qurulan siyasi sistemin sabitliyidir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət quruculuğunda hüquqi əsasların formalaşdırılmasını öz siyasi prioritetinə çevirmişdir. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu məhz Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə baş tutmuşdur. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən bu Konstitusiya ölkədə hüquqi və siyasi sabitliyin təminatına çevrildi. Əsas Qanunda təsbit olunan milli maraqlar, siyasi plüralizm, insan hüquqları, milli suverenlik və ərazi bütövlüyü prinsipləri Azərbaycanın gələcək inkişafının hüquqi təminatı kimi çıxış etdi.
Ulu Öndər Heydər Əliyev suverenliyi yalnız siyasi şüar kimi deyil, praktik fəaliyyətin əsas dayağı kimi təqdim edirdi. Onun rəhbərliyi ilə milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və enerji təhlükəsizliyi siyasəti Azərbaycanın real suverenliyinin dayaqlarına çevrildi. Bu baxımdan Ümummilli Liderin dövlətçilik mirası bu gün də "Konstitusiya və Suverenlik İli" çərçivəsində yaşamaqda və inkişaf etməkdədir.
Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində konstitusional dəyərlərə daim sadiqlik nümayiş etdirib. Onun rəhbərliyi ilə ölkədə bir neçə mühüm Konstitusiya islahatı həyata keçirilmişdir. 2009, 2016-cı illərdə ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə demokratik idarəçiliyin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinə, şəffaf və məsuliyyətli dövlət idarəçiliyinin qurulmasına xidmət etmişdir. Bu islahatlar yalnız formal hüquqi dəyişikliklər deyil, eyni zamanda dövlətin suverenlik imkanlarının genişləndirilməsi baxımından da strateji addımlar olmuşdur. Prezident İlham Əliyevin "güclü dövlət - güclü liderlik" modeli konstitusiya əsaslı idarəetməni praktik siyasi doktrinaya çevirmişdir. Xüsusilə əldə edilən Zəfərlər Azərbaycanın real suveren dövlət olduğunu dünyaya sübut etdi. Bu qələbə Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipinin hərbi-siyasi və beynəlxalq hüquq müstəvisində təmin olunması idi.
Konstitusiyanın əsas üstünlüklərindən biri onun adaptivliyi və dövrün tələblərinə uyğunlaşdırılma imkanlarıdır. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu əsas qanunun daim inkişafda olduğunu göstərir. Rəqəmsal dövlət, süni intellekt texnologiyalarının tətbiqi, yeni təhlükəsizlik çağırışları və ekoloji problemlər fonunda Konstitusiyanın da yeni interpretasiyası və funksional rolu aktuallaşır.
2020-ci ildə əldə edilən Qələbə yalnız hərbi uğur deyildi. Bu, həm də Konstitusiyada təsbit olunan prinsiplərin - ərazi bütövlüyü, milli təhlükəsizlik, suverenlik və vətəndaş birliyinin reallaşdırılması idi. Azərbaycanın beynəlxalq hüquqa söykənərək öz torpaqlarını azad etməsi, hər bir vətəndaşın hüquqlarının təmin edilməsi istiqamətində atdığı addımlar konstitusional dövlətçiliyin mükəmməl nümunəsidir. Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə Konstitusiya ilə müəyyən edilmiş idarəetmə modelinin bərpası prosesi də bu ilin ideoloji ruhuna uyğundur. Azad olunmuş ərazilərdə dövlət atributlarının bərpa olunması bu konsepsiyanın reallıqda necə işlədiyini göstərir.
Azərbaycanın milli ideologiyası Konstitusiya ilə sıx şəkildə bağlıdır. Bu sənəd milli maraqlarımızın ifadə forması, milli kimliyimizin hüquqi manifestidir. Bu baxımdan, "Konstitusiya və Suverenlik İli" milli ideoloji yüksəlişin mərhələsi, xalq-dövlət birliyinin hüquqi təməli və gələcəyə baxış platformasıdır. Dövlətin güclü olması üçün güclü hüquqi baza, güclü ideoloji sütun və milli konsensus zəruridir. Bu vəhdət Azərbaycan modeli kimi təqdim olunur və beynəlxalq miqyasda etiraf edilir.
Hazırkı geosiyasi vəziyyət dünyada suverenliyin və hüququn ciddi şəkildə təhdid olunduğunu göstərir. Bir çox ölkələrdə daxili qarışıqlıqlar, beynəlxalq hüququn pozulması, sərhədlərə hörmətsizlik halları suverenlik anlayışına ciddi zərbələr vurur. Bu fon qarşısında Azərbaycanın öz milli suverenliyini möhkəmləndirməsi, daxili sabitliyi və konstitusional idarəetmə sistemini qoruyub saxlaması nümunəvi haldır. Prezident İlham Əliyevin prinsipial xarici siyasəti - balanslı, müstəqil və milli maraqlara əsaslanan siyasət - məhz suverenlik və konstitusional idarəetmə modelinin praktik təzahürüdür. Beynəlxalq təşkilatlarda və platformalarda Azərbaycanın tutduğu mövqe bu modelin uğurla işlədiyini sübut edir.
"Konstitusiya və Suverenlik İli" həm də cəmiyyətin hüquqi və vətəndaş məsuliyyətinin artırılması baxımından önəmlidir. Konstitusiyanın cəmiyyətə inteqrasiyası və hüquqi şüurun yüksəldilməsi dövlətin davamlılığını təmin edən əsas elementlərdəndir. Bu il ərzində keçirilən tədbirlər, ictimai müzakirələr və təbliğat fəaliyyəti Konstitusiyanın yalnız hüquqşünaslar üçün deyil, bütün vətəndaşlar üçün önəmli olduğunu bir daha nümayiş etdirmişdir. Konstitusiya hər bir vətəndaşın hüquqlarını, vəzifələrini, dövlət qarşısındakı məsuliyyətini müəyyən edir. Hüquqi dövlət cəmiyyətin iştirakı ilə qurulur və bu, Prezident İlham Əliyevin "xalqın iradəsinə əsaslanan siyasət" konsepsiyasının bir hissəsidir.
Son olaraq bildirək ki, "Konstitusiya və Suverenlik İli" həm də dövlətin ideoloji özünütəsdiq mərhələsidir. Bu il vasitəsilə Azərbaycan bir daha sübut etdi ki, onun suverenliyi real, hüquqi və siyasi əsaslara dayanır. Ulu Öndər Heydər Əliyevin qoyduğu təməllər üzərində Prezident İlham Əliyevin inkişaf etdirilən bu hüquqi-siyasi sistem ölkəmizin gələcəyini təmin edən dayaq sütunlarından birinə çevrilmişdir. Azərbaycanın bugünkü uğurları - Zəfər salnaməsi, siyasi sabitlik, beynəlxalq nüfuz məhz Konstitusiyamızın və milli suverenliyimizin gücünü əks etdirir. Bu mənada "Konstitusiya və Suverenlik İli" yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də dövlətçilik məktəbi və milli kimlik dərsliyidir.
Bəxtiyar NƏBİYEV,
YAP Yasamal rayon təşkilatının sədri