Son həftələr Rusiya Federasiyasının müxtəlif bölgələrində Azərbaycan əsilli şəxslərə qarşı cinayətkarlıqla mübarizə adı altında aparılan siyasi kampaniyaya qoşulan tanınmış ictimai və dövlət xadimlərinin sayı günbəgün artır və sanki bu marafona qoşularaq hərə öz siyasi kimliyini bir daha yada salmaq, qabartmaq niyyətini büruzə verir.
Bu baxımdan Yekaterinburq şəhərində diaspor fəaliyyətində fəal şəxslərdən olan Şıxlinskilərə qarşı hüquq-mühafizə orqanlarının basqısı ilə bağlı proseslərin necə cərəyan etməsi narahatlıq doğurmaya bilməz. Adıçəkilən həmvətənlərimizin necə yaxalanmasını KİV vasitəsilə çoxsaylı insanlar izləmişlər və bu prosesin hansı kobud və qəddarlıqla, mötəbər hüquqi əsaslar olmadan, eləcə də adıçəkilən şəxslərin cəmiyyətdəki müsbət imici nəzərə alınmadan həyata keçirilməsinin şahidi olmuşlar. Belə bir ajiotajlı vəziyyətdə avtomobilə hücum edən şəxslərin kimliyini ayırd etməyə imkanı olmadığından və onu atası ilə oğurlamaq cəhdinin olduğu ehtimalı ilə dərhal geriyə hərəkət etdiyindən, qanunazidd hərəkət barədə niyyəti olmadan hansısa əməliyyatçıya xəsarət yetirilməsini bildirən Mutvalı Şıxlinski bir müddət sonra sərbəst buraxılmışdı. Lakin aradan ötən qısa müddətdən sonra araşdırma yenidən canlanaraq ali hüquq təhsilli, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, şəhərdə daimi yaşayış yeri olan Mutvalı barədə həbs qətimkan tədbiri seçilmişdir. Gözlənilməyən bir dönüş. Nə baş verdi ki, istintaq fikrini qəfildən radikal şəkildə dəyişdi?
Bu sualın cavabı çox gecikmədi. İnternet resurslarında "Ədalətli Rusiya" partiyasının rəhbəri Sergey Mironovun müsahibəsindən aydın oldu ki, M.Şıxlinski məhz onun xahişilə saxlanılmış, partiya sədri şəxsən RF Baş Prokuroru İqor Krasnova müraciət edərək hadisənin nəzarətə götürülməsini, eləcə də Azərbaycan diasporlarının və onların bütün ölkə üzrə bizneslərinin, o cümlədən ən iri kapital bazarları "Food sity" və "Sadovod"un, habelə Şıxlinskinin biznesinin yoxlanılmasını gündəmə gətirmişdir. Rusiyanın bu "dövlət xadimi" ali hüquq təhsilli bir gənci - Mutvalını tanımadan belə onun haqqında "…bu başdanxarab gənc qaçmaq istəyərkən xüsusitəyinatlının üzərinə maşın sürüb" kimi qərəzli fikirlər səsləndirib. Nədir bu qərəzin səbəbi, nədən şimal qonşumuz azərbaycanlıların üzərinə sanki bir səlib yürüşunə başlamışdır?
Cavabı bir neçə aspektdən analiz etmək mümkündür. İlk növbədə, Rusiyanın ölkəmizə qarşı gərginliklə müşahidə olunan anormal münasibəti və bu münasibətdən irəli gələn sərt hərəkətlərlə müvafiq xidmət orqanları vasitəsilə soydaşlarımıza təzyiqlər edib incitməklə, Azərbaycanın siyasi yanaşmalarında dəyişiklik olunmasını ehtimal etmələri və ən azından ötən ilin dekabrında Rusiya səmasında-Qroznı üzərində sərnişin təyyarəmizin vurulması, həmvətənlərimizin həlak olması ilə bağlı müvafiq tələblərimizin bir növ unudulmasını istəmələridir. Həmçinin görünən odur ki, Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə ərazilərimizin erməni separatçılarından tam təmizlənməsi, bundan sonra isə Rusiyanın "sülhməramlı" adlandırdıqları hərbi birləşməsinin respublikamızdan çıxarılması faktını şimal qonşumuz heç cür həzm edə bilmir və imperiya düşüncəsi hələ də onu rahatsız edərək digər postsovet ölkələrinə qarşı aqressiv hərəkətlərə sövq edir.
Digər tərəfdən, suveren Ukrayna dövlətinə qarşı 4-cü ildir davam edən "xüsusi hərbi əməliyyat" adlandırdıqları müharibədə milyondan artıq vətəndaşını itirməsi və ölkə daxilində dövlət və hökumət rəhbərliyinə qarşı yaranan kütləvi narazılıqları başqa səmtə yönəltmək istəyidir. Yeri gəlmişkən, bu taktika əvvəllər də Rusiyada mövcud olmuşdur. Məsələn, çar Rusiyasının çətin iqtisadi durumları dövründə əhalinin fikrini yəhudilərin üzərinə yönəldərək, "yəhudiləri döyün, Rusiyanı xilas edin" kimi milliyyətçi toxumları səpməklə cəmiyyətdəki problemlərin səbəbini qeyri-rusların üzərinə atmışlar. Təbii ki, səbəblər sırasında adi insan qısqanclığı, paxıllıq, gözügötürməzlik faktorlarını da nəzərdən qaçırmaq olmaz. Qıraqdan asan görünsə də, soydaşlarımız Rusiyada özlərinə layiqli həyat qurmalarına xeyli zəhmət və əziyyət çəksələr də, rus əhalisi sanki bu əziyyətləri görməmiş kimi bütün qeyri-rusların boş yerdən varlandıqları barədə həsədlə dedi-qodular yayırlar. Obyektivlik naminə, bəzi üzdəniraq soydaşlarımızın Rusiyada kriminal işlərlə məşğul olmalarını da etiraf etmək lazımdır. Hərçənd ki, vaxtilə SSRİ və Rusiyanın prokurorluq orqanlarında xidmət etdiyimdən dəqiq deyə bilərəm ki, Qafqaz və Mərkəzi Asiya respublikaları vətəndaşlarının törətdikləri qanunazidd əməlləri rus millətindən olan şəxslərin anoloji əməlləri ilə nisbətdə faiz baxımından çox-çox aşağı səviyyədə olmuşdir…
İndi gələk Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsinə. Mutvalı Şıxlinski ali təhsilli hüquqşünasdır, Yekaterinburqda vəkil kimi fəaliyyət göstərir, məhkum olunmayıb, daimi yaşayış yeri var. Lakin RF Cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq, təqsirləndirilən şəxs barədə həbsin seçilməsi zamanı bu amil, həmçinin onun istintaqdan yayınacağı, istintaqın gedişatına mane olacağı, sübutları məhv edəcəyi barədə xüsusatların olmadığı nəzərə alınmamış, yalnız ona verilmiş ittihamın ağırlığı əsas götürülmüşdür. İttihamın özünün isə absurd olması aşkar görünür, çünki əvvəldə qeyd etdiyimiz kimi, naməlum şəxslərin qəfildən M.Şıxlinskinin idarə etdiyi avtomobilə aqressiv hücumu zamanı onun real vəziyyəti dərk etmək, həmin şəxslərin məhz hüquq-mühafizə orqanları əməkdaşlarının olmasını dürüstləşdirməyə real imkanı olmadığından avtomobili geriyə sürmüş və bu zaman ifadəsində də bildirdiyi kimi, kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Bu da cinayətin tərkibinin əhəmiyyətli komponenti olan subyektiv tərəfin mövcudluğunu inkar edir. Hər bir halda ən azından psixoloji ekspertiza keçirilərək, belə gərgin şəraitdə onun ətrafındakı vəziyyəti düzgün qiymətləndirmək iqtidarında olub-olmaması, həmçinin hadisəni görən mülki şəxslərin dairəsi müəyyən edilərək obyektiv ifadələri alınmalı, yalnız bundan sonra sübutların məcmusuna hüquqi qiymət verilməli idi. Əvəzində isə tam əksinə olaraq, S.Mironovun zəngi əsas götürülməklə siyasiləşdirilmiş qərar qəbul olunmuşdur.
Niyə S.Mironov və digər Rusiya rəsmiləri bu məsələdə bu qədər "canfəşanlıq" edirlər? Bu, düşündürücü sualdır. KİV və internet resurslarında olan məlumatlardan göründüyü kimi, S.Mironov həqiqi hərbi xidmətini Azərbaycanda - Gəncə şəhərində keçirmiş, Bakı Slavyan Universitetinin fəxri doktoru adını almışdır. O, iki dəfə Rusiya prezidentliyinə namizədliyini irəli sürsə də, heç 1 faiz də olsun belə, seçici səsi toplaya bilməmiş, bu azmış kimi, seçki sonu namizədinin əslində V.Putin olmasını elan etmişdir. Yəni uğursuz və öz ölkəsində belə, nüfuzu olmayan, nankor, oyunbaz bir siyasətçidir və indiki halda azərbaycanlılara qarşı sərt ritorika ilə çıxış etməklə özünə siyasi dividend qazanmağa cəhd edir.
RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də miqrantlara qarşı radikal mövqe tutmasının, mənim qənaətimə görə, özəl səbəbləri var. Bu şəxsin tutduğu vəzifədə qalma müddəti bitməsinə baxmayaraq, Rusiya Prezidenti 2024-cü ilin payızında sərəncam imzalayaraq 71 yaşlı A.Bastrıkinin səlahiyyət müddətini 27 avqust 2025-ci ilədək uzatmışdır. Sanki bundan ruhlanan baş istintaqçı miqrantlara və qeyri-ruslara qarşı müstəsna radikal mövqe tutaraq Rusiya cəmiyyətinin milliyyətçi kəsimində yüksək imic qazanmaq və ölkəsinin rəhbərliyinin gözündə özünün hələ də dövlətə gərəkli olması barədə fikir formalaşdırmaq siyasətini həyata keçirir. Səbəb aydın görünür - 27 avqustdan sonra da vəzifəsini qorumaq istəyi.
Ona görə də cərəyan edən hadisələri soydaşlarımız düzgün analiz etməli, hansı dövlətdə yaşamalarından asılı olmayaraq qanunlara və sivil davranış qaydalarına hörmətlə yanaşmalı, hüquqlarının qorunması üçün bütün qanuni vasitələrdən istifadə etməli, doğulduğu Azərbaycan torpağının və xalqının adını şərəflə qorumalıdırlar və sonda mübaliğəsiz deyərdik ki, sadaladığımız bu proseslər xalqımızın iradəsini heç cür qıra bilməz. Çünki xalqımız işgüzar, cəsur xalqdır, dövlətimiz dünyəvi dəyərlərə söykənən hüquqi dövlətdir, Prezidentimiz qalib Prezidentdir, sozün əsl mənasında Qarabağ Fatehidir, Azərbaycan da əvvəlki Azərbaycan deyil və bunu qonşu dövlətlər nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.
Müqəddəs SULTANOV,
3-cü dərəcəli dövlət ədliyyə müşaviri