İrəvan "ev tapşırığı"nı yerinə yetirəndə
"Biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər".
İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Azərbaycan və Ermənistan arasında məhz Bakının təşəbbüsü ilə başlayan sülh prosesi istiqamətində atılan mühüm addımlardan bəhs etdi, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistanın öhdəliklərini yerinə yetirməli olduğunu bildirdi. Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa dayanan şərtlərini qətiyyətlə bəyan etdi - Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə olan iddianı götürməli və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməlidir. "Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik", - deyə forum iştirakçıları ilə görüşündə dövlətimizin başçısı da bir daha bu mühüm məqama toxundu.
44 günlük Vətən müharibəsindən sonra Ermənistana təkmil sülh modeli təklif edən Azərbaycan iki ölkə arasında normallaşmanın əldə edilməsi üçün mühüm təşəbbüslərlə çıxış edib, əməli fəaliyyət göstərib. Lakin bölgədə maraqları olan qərəzli xarici havadarlarına güvənən Ermənistan 2023-cü ildə Qarabağda separatizmin tabutuna son mismar çalınana qədər sülh prosesindən yayınıb. Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəməyən İrəvan sülh müqaviləsini imzalamağa yox, müharibəyə hazırlaşıb. Ancaq "dəmir yumruq" 23 saatlıq antiterror tədbirlərində qəti və son sözünü deyəndən sonra Ermənistan da, ona hamilik edən riyakar xarici qüvvələr də anladılar ki, Azərbaycan yerləşdiyi bölgənin yenidən münaqişə və müharibə ocağına çevrilməsinə əsla izin verməyəcək. Başqa sözlə, ölkəmizin regionda yaratdığı yeni reallıqlar İrəvana sülhdən başqa seçim yeri qoymur.
Bundan sonra İrəvan və Bakı aralarında olan problemləri dialoq yolu ilə vasitəçisiz həll etməyə üstünlük verməyə başladılar. 2023-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı birgə açıqlama yaydılar: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir".
2024-cü ildə isə sülh prosesi istiqamətində xeyli mühüm addımlar atıldı. Həmin ilin fevralında Almaniyada Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü zamanı sülh gündəliyinin irəliləməsinə dair müzakirələr aparıldı. Eyni zamanda Berlində və Almatıda iki ölkənin xarici işlər nazirləri ikitərəfli görüş keçirdi. Tərəflər arasında bu formatlarda birbaşa danışıqların aparılması sülh sazişinin imzalanması ilə bağlı konkret nəticələr ortaya qoydu. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verildi, Qazax rayonunun işğal altında olan 4 kəndi qaytarıldı.
Bu ilin may və iyul aylarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşlərin keçirilməsi də Cənubi Qafqazda davamlı sülh üçün tarixi şansın yarandığını göstərir. Xatırladaq ki, mayın 16-da Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdür. Liderlər iki ölkə arasında münasibətlər, sülh sazişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. İyulun 10-da isə Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində bir araya gəlmişlər. Sülh gündəliyinin irəlilədilməsi baxımından böyük əhəmiyyət daşıyan bu görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesi istiqamətində müzakirələr aparılmış və belə təmasların davam etdirilməsi üçün razılaşmalar əldə edilmişdir. Azərbaycan və Ermənistan liderlərinin həmin görüşündə həmçinin sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılmışdır.
Qeyd edək ki, beynəlxalq birlik də sülh prosesi ilə əlaqədar əldə olunan müsbət irəliləyişlərlə bağlı dəstəyini bildirir. Əbu-Dabidə iki ölkə liderlərinin görüşündən sonra ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağına inandığını açıqlamışdır.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iki ölkə arasında sülh danışıqlarına dəstəklərini ifadə etmişlər.
Göründüyü kimi, sülh prosesi çərçivəsində hadisələrin müsbət məcrada inkişafı ortaya qoyur ki, Ermənistan və Azərbaycan arasında barış sazişinin imzalanmasına ciddi maneələr yoxdur. Sadəcə İrəvan Bakının tələblərini yerinə yetirməlidir. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə Xankəndidə görüşü zamanı Prezident İlham Əliyev bu məsələ ilə bağlı demişdir: "Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın".
Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur: "Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib".
Dildə sülh tərəfdarı olduğunu deyən Ermənistan əməldə Azərbaycanın legitim şərtlərini yerinə yetirməlidir. Çünki Ermənistanın özünün bir dövlət olaraq mövcudluğu, dalan ölkə olmaqdan qurtuluşu bu şərtlərə əməl etməsindən, yəni sülh sazişinin imzalanmasından keçir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"