
“Təmizlik imandandır, bu bulaq gələcək nəsillərə də örnək olacaq"- Cavid Soltanov- Bu bulaq nə zaman və hansı məqsədlə çəkilib? “Bulaq 1990-cı illərdə Yəhya Çələbi tərəfindən çəkilmişdi. Amma işğal illərində istifadə olunmadığı üçün yararsız vəziyyətə düşmüşdü. Torpaqlarımız azad edildikdən sonra Hacı Qaraman ocağına gələn insanlar suyu uzaqdan gətirirdilər. Bu isə həm çətinlik yaradırdı, həm də kifayət etmirdi. Ocağa gələnlərin rahatlığı üçün yenidən su çəkildi. Təmizlik və gigiyena üçün su əsas şərtdir. Bu işi ehsan niyyəti ilə etdik. Gələcəkdə bu sudan istifadə edənlərin duası bizə yetər. İndi isə bulaqdan evimizə şəfa ümidi ilə su aparırıq”. - Bulağın çəkilməsi ideyası necə yarandı?
“Ocaq imam nəslindən olduğu üçün Cəbrayıl sakinləri tərəfindən hər zaman hörmətlə yanaşılır. Ocağın təmirinə insanlar şəxsi vəsaitləri ilə könüllü şəkildə qoşulmuşdular. Biz də bulağın tikintisindən sonra təmir işlərinə qatıldıq. Kənd camaatına bacardığımız qədər kömək etdik. Bu iş, şəhidlərimizin, imamlarımızın və vəfat edən yaxınlarımızın ehsanı niyyəti ilə edildi. Allah qəbul etsin”. - Bulaq sizin üçün hansı mənanı daşıyır?
“Xüsusi xatirədən daha çox bu, bir xeyriyyə işidir. Ziyarətgaha və qəbir üstünə gələnlər üçün böyük rahatlıqdır. Məqsədimiz yalnız yaxşılıq idi. Sudur, təmizlikdir, dua almaqdır. Bu bizə bəs edir”. - Sizcə bu bulağın gələcək nəsillərə təsiri nə olacaq? “Bu bulaq həm kənd sakinləri, həm də yaxınlarının məzarları bu ərazidə olan insanlar üçün çox faydalı olacaq. Ziyarət zamanı su problemi olmayacaq. Düşünürəm ki, bu təşəbbüs gələcək nəsillərə də örnək olacaq.İnsanlarımız bir amal üçün birləşib xeyirxah işlər görə bilər”.
Ülkər Cəlilzadə / Metbuat.az