AZ

İsrailin müttəfiqləri Qəzzada müharibə cinayətlərinə dair sübutların artdığını görür, BBC təhlili

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Həmas iki il əvvəl İsrailə hücum planının son düzəlişlərini edirdi. İsraildə Baş Nazir Benyamin Netanyahu isə fələstinlilərin həll edilməli bir problem olduğuna inanırdı. Əsas təhlükə isə İrandır, deyə o israr edirdi.

Netanyahu Həmasa qarşı sərt çıxışlarını davam etdirirdi, lakin Qətərin Qəzzaya maliyyə yardımı etməsinə də icazə vermişdi. Bu, ona həm də əsas xarici siyasət prioritetləri üçün imkan vermişdi - İrana qarşı durmaq və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq.

Vaşinqtonda o dövrdəki Prezident Co Bayden və administrasiyası inanırdı ki, səudilər ilə israililər arasında bir razılıq əldə ediləcək.

Bütün bunlar bir illüziyaya çevrildi - 7 oktyabr 2023-cü il hücumu baş verdi.

Netanyahu Həmasa insan ölümü ilə nəticələnən belə bir hücumu etmək imkanı vermiş səhvlərin araşdırılması üçün istintaqa başlamağı rədd edir. Bu səhvləri onun özü ordu rəhbərləri və təhlükəsizlik rəisləri ilə birlikdə etmişdi.

Bu hücumdan sonra yəhudilər və ərəblər arasında İordaniya çayı ilə Aralıq dənizi arasındakı torpaqların nəzarəti uğrunda əsrlərdir davam edən münaqişə həll olunmamış qaldı, daha da dərinləşdi və 1948 və 1967-ci illərdəki qədər əhəmiyyətli nəticələrə yol açacaq bir müharibəyə çevrilmək nöqtəsinə gəldi.

Yaxın Şərq 2023-cü il oktyabrın 7-dən bəri çox dəyişib və müharibənin başlanmasından təxminən iki il sonra Qəzzadakı vəziyyət yeni bir qırılma nöqtəsinə çatıb.

Bu, jurnalistlər üçün xəbər hazırlamağın çətin olduğu bir müharibədir.

7 oktyabrda Həmasın hücumundan bəri İsrail Qəzzada beynəlxalq jurnalistlərin sərbəst şəkildə xəbər yaymasını qadağan edib.

Qəzza zolağındakı fələstinli jurnalistlər qəhrəmanlıqla işlədilər və təxminən 200-ü vəzifələrini yerinə yetirərkən öldürüldü.

Lakin əsas həqiqətlər ortadadır. Həmas 7 oktyabrda etdiyi hücumlarda bir sıra müharibə cinayətləri törədərək, əksəriyyəti israilli mülki şəxslər olmaqla 1200 nəfəri öldürdü. Həmas 251 nəfəri girov götürdü və onların təxminən 20 nəfərinin hələ də Qəzzada saxlanıldığı və sağ olduğu düşünülür.

Amma ortada daha bir həqiqət var - İsrailin də o tarixdən bəri bir sıra müharibə cinayətləri törətdiyinə dair açıq sübutlar mövcuddur.

İsrailin cinayətlər siyahısında Qəzzadakı mülki əhalinin ac qoyulması, İsrail qüvvələrinin hərbi əməliyyatlar zamanı on minlərlə günahsız insanı öldürməsi və qarşılaşdığı hərbi risklə uyğun olmayan şəkildə bütün şəhərlərin qəsdən dağıdılması yer alır.

Netanyahu və sabiq müdafiə naziri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətlərinə görə həbs əmri ilə məhkəməyə verilib. Onlar günahsız olduqlarına inanırlar.

İsrail fələstinlilərə qarşı soyqırım törətdiyi iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsində aparılan hüquqi prosesi də qınayıb. İsrail ittihamları rədd edir və bunları antisemitik "qan böhtanları" adlandırır.

İsrailin dostları isə tükənməkdədir. 7 oktyabrda Həmasın hücumlarından sonra birləşən müttəfiqlər İsrailin Qəzzadaki mövqeyinə artıq dözə bilmirlər.

İsrailin ən önəmli müttəfiqi Donald Trump belə, İsrail lideri Netanyahunun hərəkətlərindən səbrinin tükəndiyini deyir. Deyirlər ki, Trump İsrailin Suriyanın paytaxtı Dəməşqi bombalamasına təəccüblənib və İsrailin Suriyaya hücumu səbəbilə səbri tükənib - Trump hazırkı Suriya rəhbərliyini dəstəkləyir.

İsrailin digər Qərb müttəfiqlərinin səbrinin isə aylar əvvəl tükəndiyi bildirilir.

İyulun 21-də Böyük Britaniya, Avropa İttifaqının böyük bir hissəsi, Kanada, Avstraliya, Yeni Zelandiya və Yaponiya xarici işlər nazirləri İsrailin hərəkətlərini qınayan birgə bəyanat imzaladılar.

Onlar Qəzzada dinc əhalinin əziyyətindən danışıb və BMT və beynəlxalq xeyriyyə təşkilatlarının mövcud mexanizmləri əvəzinə İsrailin özünün yaratdığı Qəzza Humanitar Yardım Fondu vasitəsilə humanitar yardımın paylanması sistemini "uğursuz" və "ölümcül təhlükəli" adlandırıblar.

Bəyanatda deyirlir ki, "Qəzzada mülki insanların yaşadığı əzablar yeni bir səviyyəyə çatıb" deyilir.

"İsrail hökumətinin yardım paylama modeli təhlükəlidir, sabitliyi pozur və qəzzalıları insanlıq ləyaqətindən məhrum edir. Yardımların damcı-damcı paylanmasını və ən əsas ehtiyacları olan su və qida əldə etməyə çalışan uşaqlar da daxil olmaqla mülki şəxslərin qeyri-insani şəkildə öldürülməsini qınayırıq. 800-dən çox fələstinlinin yardım axtararkən öldürülməsi dəhşətlidir.

İsrail hökumətinin mülki əhaliyə əsas humanitar yardımı rədd etməsi qəbuledilməzdir. İsrail beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməlidir."

İngiltərə Xarici İşlər naziri David Lammy də birgə bəyanatdan sonra parlamentdə oxşar ifadələrlə çıxış edib.

Hakim İşçi Partiyasının deputatları isə belə güclü sözlərin güclü tədbirlər görülərək dəstəklənməsini istəyirlər və bu, onlar üçün kifayət olmayıb.

Bir deputat mənimlə söhbəti zamanı hökumətin daha qətiyyətli addımlar atmaqda istəksizliyinə görə ''qəzəbdən alovlandığını''bildirib.

Ən qətiyyətli addımların əvvəlində Birləşmiş Millətlər Təşkilatının üzvlərinin çoxluğu tərəfindən artıq tanınmış Fələstin dövlətinin tanınması olardı.

İngiltərə və Fransa birlikdə tanıma məsələsini müzakirə etdilər, lakin görünür ki hazırda vaxtın düzgün olmadığına inanırlar.

İsrail Parlamenti Knessetin oktyabr ayına qədər davam edəcək yay tətilinə yalnız bir neçə gün qalıb.

Bu o deməkdir ki, Benjamin Netanyahu hökumət koalisisiyasındakı ifrat millətçilərin etimad səsverməsi hədəsindən bir müddət uzaq olacaq. O atəşkəsi həm də ona görə istəmir ki, həmin ifrat millətçilər, atəşkəs olarsa, hökumətdən çıxacaqları ilə hədələyirlər.

Netanyahunun səsvermədə hakimiyyəti itirməsi isə o deməkdir ki, 7 oktyabr səhvləri və uzun müddət davam edən korrupsiya məhkəməsi onun ünvanına yenidən qayıdacaqdır.

Atəşkəs mümkün görünür, Qəzzadaki mülki şəxslərin və uzun müddətdir Həmasın əlində girov olan israilli girovların sağ qalma şansı artır.

Bunların heç biri münaqişənin bitəcəyi mənasına gəlmir - müharibə münaqişəni daha da dərinləşdirib. Amma atəşkəs təmin olunarsa, öldürməkdən diplomatiyaya keçmək üçün yeni bir fürsət yaranacaq.

Seçilən
69
bbc.com

1Mənbələr