AZ

Mərkəzi bank qərar verdi -

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank uçot dərəcəsini azaldıb. Bu bank kreditlərinə necə təsir edəcək? İqtisadçı ekspert Elşad Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin bütövlükdə yumşaldılmasına istiqamətlənmiş bir addım kimi dəyərləndirilə bilər. Ekspert hesab edir ki, pul-kredit siyasətinin yumşaldılması müsbət hal kimi qiymətləndirilməlidir: “Amma eyni zamanda real iqtisadiyyatda Mərkəzi Bankın uçot dərəcəsinin azalmasının kredit faizlərinə, praktik olaraq pul-kredit siyasətinə, yəni onun yumşaldılmasına təsiri, fikrimcə, o qədər də böyük deyil. Çünki uçot dərəcəsi daha çox qısamüddətli, banklardakı likvidliklə bağlı məsələlərə aiddir. Pul-kredit siyasətinin yumşaldılmasına gəldikdə isə, biz daha çox uzunmüddətli, yəni investisiya yönümlü kreditlərin faizlərinin aşağı salınmasına nail olmalıyıq. Buna isə uçot dərəcəsinin dəyişməsi o qədər də ciddi təsir etmir”. E.Məmmədovun sözlərinə görə, davamlı və real fayda əldə etmək üçün Mərkəzi Bank pul-kredit siyasətini investisiyaları dəstəkləyəcək və müxtəlif istiqamətləri əhatə edəcək şəkildə qurmalıdır: “Yəni çoxkanallı, hər bir iqtisadi fəaliyyət növünə və rentabellik göstəricilərinə əsaslanan kreditləşmə xətləri açılmalıdır. Əks halda, yalnız uçot dərəcəsi ilə investisiyaların artımına və pul-kredit siyasətinin yumşaldılmasına nail olmaq, fikrimcə, çətin olacaq. Ona görə də hesab edirəm ki, pul-kredit siyasəti çoxşaxəli olmalı və xüsusilə iqtisadiyyat üçün prioritet hesab olunan sahələrə yönəlmiş yumşaq və əlçatan kreditlərin ayrılması siyasəti həyata keçirilməlidir. Yalnız bu halda biz investisiyaların artımına və pul-kredit siyasətinin investisiya yönümlü olmasına effektiv şəkildə nail ola bilərik”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
metbuat.az

1Mənbələr