Azərbaycanın enerji malları Gürcüstan bazarında sabitlik yaradır —AÇIQLAMA
Azərbaycanın 2025-ci ilin ilk 5 ayı ərzində Gürcüstanla ticarət dövriyyəsinin həcmi 330 milyon dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
İqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, bu həm Azərbaycan, həm də Gürcüstan iqtisadiyyatına bir neçə müsbət təsir göstərə bilər:
“Ticarət dövriyyəsinin artması iki ölkə arasında iqtisadi asılılığı və əməkdaşlığı gücləndirir. Gürcüstan üçün Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın enerji, yanacaq və müxtəlif malların ixracında payının artması Gürcüstan bazarında sabitlik yaradır. Azərbaycan üçün Gürcüstan bir tranzit ölkə rolunu oynayır. Ticarət həcminin 20% artması Azərbaycanın ixrac və logistikadan əldə etdiyi gəlirləri yüksəldir.
Eyni zamanda Gürcüstan da tranzit rüsumları, gömrük haqları və xidmət sektorundan əlavə gəlir əldə edir.
Ticarət dövriyyəsi artdıqca Gürcüstan manatla olan idxalı dollar və avro ilə balanslaşdırmaq üçün daha çox valyuta əldə edir. Bu, Gürcüstanın milli valyutası (lari) üçün müəyyən sabitləşdirici təsir göstərə bilər”.
Leyla Turan
Demokrat.az