"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə "Aris"ə qarşı ilk oyundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, 44 yaşlı mütəxəssis sabah saat 20:00-da başlayacaq matçla bağlı fikirlərini bölüşüb:

"Oyunun mahiyyətini hamımız - həm futbolçular, həm də məşqçi heyəti dərk edir. Yaxşı hazırlaşmışıq, ümidliyik. Oyunçularımın meydanda ən yaxşısını etməyə çalışacağını bilirəm. Rəqib yaxşıdır, təcrübəsi ola bilər, lakin komandamız da hazırdır. Yaxşı təlim-məşq toplanışı keçmişik, yaxşı futbolçularımız var. "Araz-Naxçıvan" adına daha yaxşısını etməyə və mərhələ adlamağa gücümüz olduğunu düşünürəm".

Muxtar Respublika təmsilçisinin oyunçusu Urfan Abbasov jurnalistlər önünə çıxıb və sabahkı matçı şərh edib:

"Bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq, yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm. Rəqibi analiz etmişik, zəif və güclü tərəflərini baş məşqçimiz bizə göstərib. Sabah rəqibin zəif nöqtələrindən istifadə edib, qol vurmağa, nəticə qazanmağa çalışacağıq. Təlim-məşq toplanışında Türkiyə Super Liqası klubları ilə oyandıq, kifayət qədər güclü rəqiblər idi. Çalışdıq ki, komandanın keyfiyyətini yüksəldək".