İspaniya nəhəngi “Real”ın gənc hücumçusu Alvaro Rodriqes Madrid təmsilçisindən ayrılaraq “Elçe” klubu ilə müqavilə bağlayıb.
Arena.az bu barədə “Elçe”nin rəsmi saytına istinadən xəbər verir.
“Real” 21 yaşlı futbolçunun satışından 2 milyon avro qazanıb. Alvaro yeni klubu ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş 4 illik müqavilə bağlayıb.
Alvaro Rodriqes “Jirona”nın yetirməsi olsa da, 2020-ci ildən “Real”ın sıralarında çıxış edirdi. Ötən mövsümü “Xetafe”də icarədə keçirmiş ispan forvard bu komandanın heyətində 26 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Alvaro “Real”ın əsas komandasında da 10 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.
Vaxtilə İspaniyanın U-18 yığmasında oynamış Rodriqes 2023-cü ildən də Uruqvayın U-20 millisində çıxış edir.
“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.