Ölkəmizi növbəti dəfə Konfrans Liqasında təmsil edəcək "Zirə"dən gözləntilər böyükdür.
Bu da əbəs deyil.
Rəşad Sadıqovun komandası ötən mövsüm turnirin pley-off mərhələsinə vəsiqə qazanmaqla tələbləri artırıb.
Təbii ki, hər şeyə meydanda aydınlıq gələcək.
Amma bu günə olan bir neçə reallıq "qartallar"la bağlı pozitiv danışmağa imkan vermir.
"Zirə"nin bəxti hələ may ayında gətirmədi.
"Sabah"ın Ölkə Kubokunu qazanması ilə bakılılar Konfrans Liqasında iştirak etməli oldu. Əks halda, Avropa Liqasında mübarizəyə başlayacaqdı.
Necə ki, ötən mövsüm belə olmuşdu. Bu halda komandanın iki dəfə özünü təsdiqləmək fürsəti olurdu.
Məsələn, Avropa Liqasında mübarizəyə başlayan "Sabah" "Çelye" ilə bacarmadı, amma avrokuboklarda çıxışını Konfrans Liqasında davam etdirəcək.
"Zirə"nin bu dəfə bu cür səhv etmək limiti yoxdur.
Ardınca püşk zirəlilərin üzünə gülmədi. Xorvatiyanın köklü klublarından sayılan "Hayduk" rəqib oldu. Faktiki kağız üzərində aşkar favorit xorvatlar hesab olunur.
Bir də bu oyun üçün "Zirə"nin UEFA-ya göndərdiyi iştirak ərizəsi bizləri narahat etməyə bilməz.
Heyətdə cəmi 2 qapıçı var.
Müdafiənin mərkəzi etibarlı əllərdədir. Rotasiya imkanları da genişdir. Amma cinahlarla bağlı eyni sözü demək çətindir.
Brahim Kanate, Vinsent Tillin gəlişini nəzərə alsaq yarımmüdafiə xəttini qənaətbəxş hesab etmək olardı. Ötən gün məlum oldu ki, lüksemburqlu yeni transfer də sıradan çıxıb.
Amma müdafiənin cinahları kimi, hücumun mərkəzi də xoş gələcəkdən xəbər vermir.
Düzdü, sifariş vərəqəsində 4 hücumçu adı göstərilib.
Amma Martins Junior yarımmüdafiəçi mövqeyində çıxış etdiyini, Yeqor Boqomolskinin zədədən yeni qayıtdığını,18 yaşlı Abdul Azizin gənc, təcrübəsiz olduğunu nəzərə alsaq, komandanın faktiki David Volkovun ümidinə qaldığını görərik.
Bir sözlə, gedişat "Zirə"nin uğursuzluğundan xəbər verir.
Ümid edək ki, ötən mövsüm olduğu kimi, bu dəfə təmsilçimiz mübarizə ruhunu ortaya qoyaraq yaxşı mənada hamımızı təəccübləndirməyi bacaracaq.
XANOĞLAN İMANOV