Halitoz adlanan ağız qoxusu uşaqlarda da rast gəlinə bilər. Araşdırmalara görə, bu hal məktəb yaşlı uşaqlarda təxminən 15 faiz hallarda müşahidə olunur.
Pravda.az bildirir ki, ağız qoxusu fizioloji və ya patoloji səbəblərlə bağlı ola bilər. Fizioloji hallarda əsas səbəblər az su içmək, vitamin və mineral çatışmazlığı (A, B12, dəmir, sink), ağız quruluğu və açlıqdır. Patoloji hallarda isə əsas səbəblər bunlardır:
Ağız içi problemləri: Dil üzərində bakteriya və qida qalıqları, diş çürüyü, diş əti xəstəlikləri və ağız yaraları.
Tənəffüs yolları xəstəlikləri: Boğaz və badamcıq iltihabı, sinüzit, burun axıntısı, bronxit və ağciyər infeksiyaları.
Sistemik xəstəliklər: Şəkərli diabet, böyrək və qan xəstəlikləri.
Həzm sistemi pozğunluqları: Reflü, mədə və bağırsaq problemləri, qaraciyər funksiyası pozğunluqları.
Dərman istifadəsi: Bəzi dərmanların yan təsiri olaraq qoxu yarana bilər.
Qida və içkilər: Soğan, sarımsaq, turp, süd məhsulları və kofe kimi məhsullar ağız qoxusunu artıra bilər.
Bakteriyalar: Kükürdlü və azotlu birləşmələr yaradan bakteriyalar qoxuya səbəb ola bilər.
Ağız qoxusu 2 aydan uzun çəkərsə, bu hal artıq xroniki sayılır və mütləq həkimə müraciət olunmalıdır. Mütəxəssislər uşaqlarda ağız və diş gigiyenası mövzusunda düzgün maarifləndirmənin vacibliyini vurğulayır. Bol su içmək, diş və dilin müntəzəm fırçalanması, şəkərsiz saqqız çeynəmək və ağız qarqaralarından istifadə bu problemin qarşısını almağa kömək edə bilər.
Əminə Bayramova