Paşinyanın Kilsəyə qarşı mövqeyi Ermənistan cəmiyyətində hansı siyasi nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
"Ermənistanda baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı mövqeyi böyük narazılıq doğurur. Müxtəlif şəxslər bu mübarizəni qəbul etmir və eyni zamanda Ermənistanda sosial-iqtisadi problemlərin kölgədə qaldığını da vurğulayırlar.
Hesab edirəm ki, Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin üz-üzə gəlməsi onun siyasi reytinqinə böyük təsir göstərəcək və bu, mənfi nəticələrə səbəb ola bilər.
Ona görə də Nikol Paşinyanın yalnız kilsə rəhbərliyində olan şəxsləri hədəfə alması ilə bağlı o, daxili auditoriyaya izahat verməlidir. Çünki kilsənin rəhbərliyində olan şəxslər müxtəlif geosiyasi mərkəzlərin təsiri altındadır, onların sifarişlərini yerinə yetirir və diktəsi ilə fəaliyyətlərini təşkil edirlər.
Bu baxımdan Ermənistanın baş naziri kilsə rəhbərliyini özü üçün təhlükə hesab edir, onları opponent kimi qəbul edir. O, həmçinin düşünür ki, onların vasitəsilə ölkədə xaos, anarxiya, hərc-mərclik və hakimiyyət çevrilişi cəhdləri ola bilər.
Məhz buna görə də müxtəlif şəxslərin Erməni Apostol Kilsəsini müdafiə etməsi Paşinyan üçün əlavə təhlükə kimi qəbul edilir.
Ermənistanın baş naziri çox çətin bir seçkiqabağı dövrə qədəm qoyur. Çünki Ermənistanda parlament seçkiləri ölkənin gələcəyini müəyyənləşdirəcək və bu baxımdan kilsə ilə hökumətin üz-üzə qalması, əlbəttə ki, böyük təlatümlərə və ölkə daxilində siyasi böhrana səbəb ola bilər".
Zeynəb Mustafazadə