AZ

"65 yaşlı britaniyalı Rusiyaya casusluq etməkdə ittiham olunur" - BBC

 
"Rusiyaya işləyən şəxs Britaniya kəşfiyyatının tələsinə düşüb..."
 
65 yaşlı britaniyalı Hovard Fillips Böyük Britaniyada casusluq ittihamı ilə günahkar bilinib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, o, Rusiyanın maraqları naminə məlumat ötürməkdə, konkret olaraq müdafiə naziri Qrant Şapps barədə şəxsi informasiyanı Kremlə çatdırmaq cəhdində ittiham olunur. Lakin paradoks ondadır ki, Fillipsin "Saşa" və "Dima" kimi tanıdığı "rus agentləri" əslində elə Böyük Britaniyanın öz əks-kəşfiyyatçıları olub.
 
"Ceyms Bond" olmaq arzusu ilə başlayan "macəra"
 
Məhkəmə zamanı keçmiş həyat yoldaşı Amanda etiraf edib ki, Hovard uzun illərdir Britaniya xüsusi xidmətlərinə heyran olub, "Ceyms Bond" filmləri ilə böyüyüb və bu dünyaya daxil olmağı xəyal edib. 2023-cü ilin oktyabrında o, Sərhəd Xidmətində işə düzəlməyə çalışıb, prokurorluğun iddiasına görə, bu yolla həssas məlumatlara çıxış əldə edib Rusiyaya ötürmək niyyətində olub.
 
2024-cü ilin martında isə Fillips "Saşa" və "Dima" adlı iki nəfərlə əlaqə qurur və düşünür ki, bunlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır. Onların təlimatı ilə o, hansı xidmətləri təklif edə biləcəyini və səbəblərini yazdığı sənədi fleşkartda saxlayaraq Londonda küçələrin birində tərk edilmiş velosipedə yerləşdirir.
 
O, mesajlarında özünü "yarı təqaüdçü, amma yüksək dairələrlə əlaqələri olan biri" kimi təqdim edir. Realda isə MI5 artıq onu müşahidə edir. Görüşlər Londonun özündə və Esseksdəki bir ticarət mərkəzində baş tutur. Bu görüşlərdən birində Fillips "Moskva" əvəzinə "ana" sözündən istifadə olunmasını təklif edir və ümid edir ki, "bu ana ona minnətdar olacaq".
 
Nazirin ev ünvanı və təyyarəsi - hər şey satışda olub
 
Prokuror Cosslin Ledvardın məhkəmədə dediyinə görə, 2024-cü ilin mayında "Dima" ilə olan görüşdə Fillips Britaniyanın müdafiə naziri Şappsın ev ünvanı, telefon nömrəsi və şəxsi təyyarəsinin olduğu yer haqda məlumat verir. İddialara görə, bu məlumatların məqsədi Britaniya müdafiə siyasətini izləmək üçün Rusiyaya imkan yaratmaq olub.
 
Fillips bununla kifayətlənmir, "agentlərə" otel rezervasiyası və mobil telefonların alınmasında da yardım təklif edir. Amma 16 may 2024-cü ildə Londondakı "King's Cross" stansiyası yaxınlığında "Saşa" ilə görüşdən dərhal sonra mülki geyimdə britaniyalı agentlər tərəfindən həbs edilir.
 
İdeologiya yox, pul ehtirası
 
Prokuror Ledvardın sözlərinə görə, Fillipsin hərəkətlərinin arxasında Rusiya hökumətinə simpatiya yox, sadəcə maraqlı, həyəcanverici bir iş tapıb sürətlə pul qazanmaq istəyi dayanır. Fillips isə məhkəmədə bildirib ki, guya "Saşa" və "Dima"nın əslində rus olmamalarını əvvəldən hiss edib və sadəcə "sınaq məqsədilə" onlarla oyunu davam etdirib. Amma andlılar bu versiyaya inanmayaraq onu yekdilliklə günahkar sayıb.
 
Böyük Britaniyanın Kral Prokurorluğu nəzdindəki antiterror bölməsinin rəhbəri Betan Devid bildirib ki, Fillips düşmən bir dövlətə xidmət göstərməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, "mühüm dövlət orqanlarında işə düzəlməkdən tutmuş nazirin şəxsi məlumatlarını təqdim etməyə qədər Fillips ölkəsinin təhlükəsizliyini pula dəyişməyə cəhd göstərib və bu prosesdə heç bir peşimançılıq hiss etdirməyib".
 
Onun hansı müddətə azadlıqdan məhrum ediləcəyi yaxın günlərdə məhkəmənin yekun qərarı ilə müəyyənləşəcək. Britaniya qanunlarına görə, xarici kəşfiyyatla əməkdaşlıq etmək 14 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Seçilən
53
moderator.az

1Mənbələr