AZ

Cənubi Qafqazda Rusiyanın təsiri azalır -

“Cənubi Qafqazda Rusiyanın təsirləri azalır. Bu, tədricən baş verən bir prosesdir. Yəni 200 ildən çox bu regiona hakim olan rus imperiyası indi artıq resurs baxımından zəifləyir, imkanları tükənir. Ona görə də regionu tədricən tərk etmək məcburiyyətində qalır”. Bu fikirləri politoloq Əli Mustafa Metbuat.az-a danışarkən söyləyib. O bildirib ki, regionda Türkiyənin təsiri artır: “Bu gün Rusiyanın buradan çıxması Türkiyənin bura gəlməsi ilə bağlı deyil. Sadəcə olaraq, Rusiya regionu tükədib, bütün sərvətlərini sümürüb, yerli əhalini narazı salıb, incidib. Artıq bölgədə də heç kim onu istəmir. Dünyada reallıqlar dəyişib. Rusiya, ümumiyyətlə, istər Avropa, istərsə də Asiya üçün bir təhdidə çevrilib və yeni dünya düzənində Rusiyanın yeri və gələcəkdə olmaq istədiyi mövqeyi böyük güclərin heç biri istəmir. Ona görə də düşünürəm ki, Rusiya tədricən regiondan çıxacaq. Bu, bir anda baş vermir və deyildiyi qədər sürətlə getmir. Amma eyni zamanda Rusiyanın burada qalmaq istəyi də reallaşmır və nəticədə o, tədricən regiondan çıxır”. Ə.Mustafa qeyd edib ki, bu gün gürcülər də, ermənilər də, azərbaycanlılar və türklər də burada Türkiyənin mövqeyinin daha güclü olmasını, digər dövlətlərin daha təsirli olmasını istəyirlər: “Çünki Rusiyanın sümürgəçiliyi bölgə xalqlarını bezdirib. Rusiya əbədi olaraq imperiya kimi qala bilməz. Nəhayət, Rusiya anlamalıdır ki, bir milli dövlətə çevrilməli, öz tarixi sərhədlərinə çəkilməli və qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır. Vaxtilə Böyük Britaniya və ya Türkiyənin etdiyi kimi, əgər Rusiya da bunu anlayıb zamanında öz sərhədlərinə çəkilərsə və bölgələrlə normal qonşuluq münasibətləri saxlayarsa, bu halda bir formada iqtisadi və siyasi əlaqələrini qoruya bilər və geopolitik maraqlarını müəyyən mənada təmin edə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

phrase_var_article.chosen
4
metbuat.az

1phrase_var_article.sources