AZ

Prezident sərəncam imzaladı

“Ölkə başçısının imzaladığı bu sərəncam təhsilin strateji inkişafı istiqamətində bir neçə mühüm məqsədləri ehtiva edir. Belə ki, biz artıq Azərbaycanın ali təhsil sistemində yeni mərhələnin başlandığının şahidi oluruq. Qarşıya beynəlxalq ikili diplom proqramlarının sayının artırılması, onların maliyyələşdirilməsi və davamlılığının təmin olunması kimi hədəflər qoyulub ki, bu, təhsilin beynəlmiləlləşməsi baxımından vacib addımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında təhsil eksperti Mehti Kamiloğlu deyib.

O, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında iyulun 22-də imzaladığı sərəncama münasibət bildirib.

Mehti Kamiloğlu qeyd edib ki, hazırda Azərbaycanda 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat və 4 magistratura səviyyələri üzrə) həyata keçirilir. Sözügedən sərəncam isə 2030-cu ilədək həmin proqramların sayının 8-ə çatdırılmasını nəzərdə tutur: “Bu, ilk növbədə, yeni nəsil mütəxəssislərin hazırlanması deməkdir. Məhz ikili diplom proqramları vasitəsilə qabaqcıl texnologiyaların və elmi nailiyyətlərin Azərbaycan təhsilinə transferi sayəsində ölkəmizdə qlobal əmək bazarında rəqabətə davamlı mütəxəssislər yetişəcək. Həmçinin, müasir dünya universitetləri ilə birgə proqramların icrası nəticəsində Azərbaycan ali məktəblərində tədrisin keyfiyyətində və məzmununda yenilənməni, beynəlxalq akkreditasiya və reytinq sistemlərinə inteqrasiyanı müşahidə edəcəyik”.

“Sərəncamda “transmilli təhsil modeli” anlayışı vurğulanır. Bu, ondan xəbər verir ki, Azərbaycan təhsil məkanının qlobal miqyasda tanınan və qəbul edilən bir platformaya çevrilməsi hazırda əsas strateji hədəflərdəndir və nəticədə ölkəmizə təhsil üçün üz tutan xarici vətəndaşların sayı artacaqdır”, - deyə ekspert əlavə edib.

Seçilən
109
4
publika.az

5Mənbələr