Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin baş redaktoru, 24 il parlamentdə təmsil olunmuş Bəxtiyar Sadıqovun son 1 ildə ictimai tədbirlərdə, dövlət tərəfindən təşkil edilən ali mərasimlərdə görünməməsi diqqət çəkir.
Editor.az xəbər verir ki, artıq bir ilə yaxındır ki, Sadıqov heç bir tədbirdə iştirak etmir. Xüsusilə bu il Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə onun iştirak etməməsi nəzərə çarpır.
Məsələn, Naxçıvanda media ilə bağlı keçirilən yüksək səviyyəli dövlət tədbirində “Azərbaycan” qəzeti tərəfdaş qurumlardan biri olsa da, qəzetin baş redaktoru orada iştirak etməyib.
Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan son tədbirlərdə də Sadıqovun iştirakı qeydə alınmayıb. Hətta dünən Medianın İnkişaf Agentliyinin, dövlət media qurumlarının və TV rəhbərlərinin Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarının ziyarətində də rəsmi dövlət qəzetinin baş redaktoru görunməyib.
Mənbələrin iddiasına görə, bu vəziyyət iki ehtimalı ön plana çıxarır: ya Bəxtiyar Sadıqovun səhhətində ciddi problemlər var, ya da o, qəzetin təsisçisi olan Milli Məclis tərəfindən qeyri-rəsmi şəkildə proseslərdən uzaqlaşdırılıb.
Bütün hallarda dövlətin rəsmi orqanın baş redaktorunun bu cür vacib proseslərdə iştirak etməməsi xeyli haqlı suallar yaradır.
Məsələ ilə bağlı əməkdaşlarımız dəfələrlə Bəxtiyar Sadıqovla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.
//Mahir Ağa, Editor.az