AZ

Marseldə fövqəladə vəziyyət tətbiqi effektiv ola bilərmi?- TƏHLİL

Paris, 23 iyul, AZƏRTAC

Fransanın Marsel şəhərində narkotik alveri və onunla bağlı artan zorakılıq səbəbilə ciddi ictimai narahatlıq yaşanır. Bu çərçivədə Buş-dü-Ron (Bouches-du-Rhône) departamentinin Milli Birlik (RN) partiyasından olan deputatı Frank Allizio hökuməti Marseldə tam və ya qismən fövqəladə vəziyyət elan etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, F. Allizionun fikrincə bu tədbir şəhərdəki kriminal vəziyyəti cilovlamaq üçün yeganə real yoldur. O bildirib ki, bu, ilk dəfə olmayacaq, çünki 2005-ci ildə də bəzi şəhərlərdə fövqəladə vəziyyət tətbiq olunub.

Həqiqətən də, 2005-ci ilin noyabrında, prezident Jak Şirakın göstərişi ilə, Fransa hökuməti ölkə üzrə – xüsusilə də şəhər ətrafındakı qəsəbələrdə baş verən iğtişaşlara cavab olaraq fövqəladə vəziyyət elan etmişdi. Bu qərar Marsel, Tuluz, Lill, Lion və Nansi kimi şəhərləri əhatə edirdi və 3 ay 12 gün davam etmişdi.

Həmin vaxt tətbiq olunan rejimə əsasən, gündüz və gecə evlərə baxış keçirmək, insanları məhdudiyyət altında saxlamaq, komendant saatı tətbiq etmək və ictimai məkanları bağlamaq mümkün olmuşdu. Hətta bu müddət uzadılarkən bəzi hüquqşünaslar etiraz etsə də, Dövlət Şurası (Conseil d’État) təhlükəsizlik riski səbəbilə qərarı qüvvədə saxlamışdı.

Hüquqşünasların Marseldə fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı fikirləri müxtəlifdir. Fransa qanunlarına görə (3 aprel 1955-ci il tarixli qanun), fövqəladə vəziyyət yalnız təbii fəlakət və ya ciddi ictimai təhlükə zamanı tətbiq oluna bilər. Marseldəki vəziyyət ikinci kateqoriyaya aid edilə bilərmi?

Lill Universitetindən hüquq professoru Jan-Filippe Derozye, Paris Panthéon-Assas Universitetinin hüquq üzrə müəllimi Benjamin Morelə görə, Marseldəki narkotrafik illərdir davam edir. Bu, qəfil və gözlənilməz təhlükə deyil. Fövqəladə vəziyyət yalnız istisna hal üçün nəzərdə tutulub. Narkotik alveri isə artıq strukturlaşmış və davamlı bir problemdir.

Ruan Universitetinin hüquq üzrə dosenti Ann-Şarlene Bezzina bildirir ki, ictimai qaydaya ciddi təhdid anlayışı hüquqi baxımdan elastik şərh oluna bilər. Lakin xəbərdarlıq edir ki, belə tədbirlər mütləq şəkildə Dövlət Şurasında hüquqi mübahisəyə səbəb olacaq.

Marseldə fövqəladə vəziyyət mübahisə doğursa da, digər Fransız şəhərləri artıq daha yumşaq, lakin oxşar tədbirlərə əl atıb. İyulun 21-dən etibarən Nim şəhərində 16 yaşdan kiçik uşaqlar üçün gecə komendant saatı tətbiq olunub. Şəhərin altı kasıb məhəlləsində azyaşlılara saat 21:00-dan 06:00-a qədər təkbaşına küçəyə çıxmaq qadağan edilib. Bu qayda ilkin olaraq 15 gün qüvvədə olacaq və sonra uzadıla bilər. Hazırda komendant saatı tətbiq olunan şəhərlərin sayı çoxdur. Kany-sür-Mer (Cagnes-sur-Mer) şəhərində 2004-cü ildən bəri aprel-oktyabr aylarında 13 yaşdan kiçik uşaqlar üçün komendant saatı qüvvədədir. Digər şəhərlər isə, məsələn Béziers, Saint-Ouen və Triel-sur-Seine, bu qərarı son dövrlərdə qəbul ediblər.

Bu addım, atışmalar, qisas əməliyyatları və dəstə savaşlarına qarşı atılıb. Saint-Ouen və Béziers şəhərləri də yay mövsümündə buna bənzər tədbirlər görüb. Limoj (Limoges) şəhərində 13 yaşdan kiçiklər üçün tətbiq edilən komendant saatı yaxın günlərdə baş verən gənclərlə polis arasında toqquşmaların qarşısını ala bilmədi. Şəhərlərin merləri kifayət qədər polis olmamasından şikayətlənirlər. Bildirirlər ki, əgər kifayət qədər polis yoxdursa, komendant saatının mənası yoxdur. Maliyyə çatışmazlığı bəzi şəhərləri preventiv tədbirləri azaltmağa məcbur edir.

Deputat F. Allizionun təklifi bir çoxları üçün sərt, bəziləri üçün isə gecikmiş tədbir kimi qiymətləndirilir. Lakin hüquqşünaslar və təhlükəsizlik üzrə mütəxəssislər belə addımların konstitusiyaya uyğunluğu və effektivliyi barədə suallar qaldırırlar. Nəticə etibarilə, narkotrafik kimi köklü və uzunmüddətli bir problemin sadəcə fövqəladə tədbirlərlə yox, dərin sosial, təhsil və hüquqi siyasətlə həll edilə biləcəyi fikri üstünlük təşkil edir.

 

Seçilən
32
azertag.az

1Mənbələr