Eurostar şirkəti Böyük Britaniya hökumətini beynəlxalq dəmir yolu sahəsində inandırıcı və uzunmüddətli strategiya hazırlamağa çağırıb.
AzPost xəbər verir ki, bu müraciət, şirkətin La-Manş tuneli üzərindən keçən sərnişin daşımalarında 30 illik inhisarının bitməsi ərəfəsində səsləndirilib. Eurostar xəbərdarlıq edib ki, rəqib şirkətlərin mövcud texniki bazalara yerləşdirilməsi onların 80 milyon avroluq sərmayə planını təhlükəyə ata bilər.
Şirkət hazırda 50 yeni yüksək sürətli qatar almağı və Frankfurtla Cenevrəyə birbaşa marşrutlar açmağı planlaşdırır. Lakin əsas texniki baza olan Temple Mills deposunun tam dolu olduğunu bildirir. Tənzimləyici qurum ORR isə həmin məkanda əlavə yerin olduğunu və rəqiblərin də təklif verməli olduğunu deyir.
Eurostar isə bunun fəaliyyətə mənfi təsir edəcəyini və hələ qərar üçün tez olduğunu bildirir. Qurumun yekun qərarı bu ilin oktyabrında gözlənilir.