AĞDƏRƏ, 23 iyul. TELEQRAF
Ağdam rayonunun Yeni Qaralar və Əliağalı kəndləri istiqamətdində baş verən yanğın qismən söndürülüb. Hazırda yanğın Ağdərə rayonunun Manik kəndi istiqamətində davam edir.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə yerinə cəlb edilən yanğınsöndürən briqadalar və helikopterlərin köməyi ilə Ağdamın yanan kəndlərinin bir hissəsi nəzarət altına alınıb. Lakin küləkli hava şəraiti alovun istiqamətini genişləndirərək, yanğının Ağdərə istiqamətinə yayılmasına səbəb olur. Yanğınsöndürmə əməliyyatları həm havadan, həm də qurudan fasiləsiz davam etdirilir.
Bir həftə öncə Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ərazisində də böyük yanğın baş vermişdi. Yanğın nəticəsində təxminən 14 hektar otlaq və meşə sahəsi yanaraq məhv olmuşdur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, üç nəfər həmin ərazidə yandırılan ocaq səbəbindən, çətin relyefli şəraitdə geniş yanğın baş vermişdir. Hadisə ilə bağlı istintaq tədbirləri tamamlanmış və həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Qarabağ işğaldan azad edildikdən sonra bölgəyə səfər etmək istəyən soydaşlarımızın sayı xeyli artıb. Lakin bəzi ziyarətçilərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən bu cür xoşagəlməz hadisələr baş verir. Hazırda 35-40 dərəcə isti hava şəraitində Ağdam və Ağdərə rayonlarında onlarla yanğınsöndürən maşın yanğının qarşısını almaq üçün mübarizə aparır. Əraziyə2 ədəd helikopter də cəlb olunub.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, sözügedən ərazi 30 ildən artıq Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olub və mina, hərbi sursatlarla çirklənib. Bu da yanğınsöndürənlərin işini daha da çətinləşdirir.
Nəticə olaraq, Qarabağa səfər edən hər kəs unutmamalıdır ki, “manqal keyfi” və digər səhlənkarlıq tədbirləri onlarla hektar otlaq və yaşıllıq sahəsinin yanmasına, həmçinin insanların həyatının təhlükə altında qalmasına səbəb ola bilər.