“Son zamanlar Rusiyanın Ermənistana artan təzyiqləri, bir sıra analitiklərin, dövlət xadimlərinin və siyasi tok-şou aparıcılarının isterik çıxışları, əslində Rusiyanın Cənubi Qafqazda zəifləyən təsir imkanlarının nəticəsidir. Artıq açıq görünür ki, Rusiya üçün bu regionun itirilməsi fəlakət ssenarisidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
O bildirib ki, Moskva, İran və Türkiyə ilə quru sərhədi olan Ermənistanı nə bahasına olursa olsun öz təsiri altında saxlamağa çalışır:
“Bu məqsədlə Rusiya, Paşinyan hakimiyyətinə təzyiq etmək üçün “köhnə müttəfiqlərini”, Erməni Apostol Kilsəsini, Daşnaksütyun partiyasını və Rusiyaya bağlı iş adamlarını hərəkətə gətirib.
Nəticədə, Ermənistan hökuməti hazırda üç cəbhədə, siyasi, dini və iqtisadi istiqamətlərdə, Rusiya meyilli qüvvələrlə mübarizə aparmaq məcburiyyətindədir.
Paşinyanın əlini gücləndirən əsas faktor isə erməni cəmiyyətinin artıq uzun illərdir aldadıldığının fərqinə varmasıdır. Cəmiyyət bu qüvvələrə qarşı əvvəlki inamını itirib.
44 günlük Vətən Müharibəsi və bir günlük antiterror əməliyyatı erməni cəmiyyətində şok-terapiya effekti doğurdu. Onlar anladılar ki, 30 il ərzində Qarabağda baş verənlər nə onların maraqları, nə də təhlükəsizliyi üçün idi. “Soyqırım” mifinin isə böyük güclərin maraqları naminə uydurulmuş yalan olduğu üzə çıxdı”.
Politoloqun sözlərinə görə, bu şəraitdə Paşinyan hakimiyyəti bütün bu saxta mifləri yaradan qüvvələrə qarşı sarsıdıcı zərbələr endirməyə çalışır və buna hazırlaşır:
“Ədalət naminə qeyd edilməlidir ki, o, geniş ictimai dəstək görməsə də, əks-reaksiya da müşahidə olunmur. Əgər Rusiya meyilli qüvvələr sistemli şəkildə sıxışdırılıb neytrallaşdırılsa, Paşinyan hakimiyyəti cəmiyyətin etimadını artıra bilər.
Artıq ermənilər Kilsənin siyasi yalanlarından, radikal millətçilərin boş vədlərindən və Rusiyanın iki əsrlik manipulyativ oyunlarından yorulub. Rusiya və onun Ermənistandakı dayaqları isə Cənubi Qafqaza geri dönmək üçün bütün fitnə üsullarına əl atmağa hazırdır.
Bu qüvvələr Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına qarşıdırlar. Onlar bu normallaşmanı özlərinin siyasi məğlubiyyəti kimi görür və hər fürsətdə sabotaj etməyə çalışırlar.
Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, Türkiyə-Ermənistan münasibətlərinin bərpası istiqamətində irəliləyişlər olduqca, Ermənistan daxilində sabitliyi pozmaq istəyən qüvvələrin fəallaşması qaçılmaz görünür”.
“Ancaq bu bölgədə artıq “bulanıq suda balıq tutmaq” əvvəlki qədər asan deyil. Çünki Cənubi Qafqaz bölgəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəqiq və çevik siyasəti nəticəsində strateji, etibarlı və geosiyasi baxımdan əhəmiyyətli bir məkan halına gəlib. Bu region, Şərqlə Qərb arasında yeganə real körpüdür və sabitliyin pozulmasına heç bir rasional güc maraqlı ola bilməz”,- sonda F. Məhərrəmli deyib.
//Gülnarə Abasova, Editor.az