Bakı, 23 iyul, AZƏRTAC
“Zirə”nin “Hayduk”u məğlub edəcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol mütəxəssisi Azər Bağırov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və “Hayduk” (Xorvatiya) komandaları arasında bu gün keçiriləcək ilk oyun barədə danışarkən deyib.
O bildirib ki, “Zirə” oyuna yüksək əhval-ruhiyyədə hazırlaşıb: “Bunu baş məşqçi Rəşad Sadıqovun dünənki mətbuat konfransındakı fikirlərindən tutdum. Hiss olundu ki,o,rəqibi yaxşı analiz edib və çəkinmədən mübarizə aparacaq. “Hayduk”a gəlincə, onların cinah və hücum xətti daha hərəkətlidir. İrəlidə Marko Livaya kimi təcrübəli forvard var. O, “Zirə” üçün təhlükədir. Rəqib standart vəziyyətlərdə də yaxşıdır. Lakin komandamızın mərhələ adlayacağına çox inanıram. Xorvatiya klubu keçilməyəcək kollektiv deyil”.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında görüş 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də səfərdə təşkil olunacaq.