AZ

Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir

Prezident İlham Əliyevin 19 iyulda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda etdiyi çıxış və forum iştirakçılarının suallarını cavablandırması ölkəmizin beynəlxalq aləmdəki mövqeyini, enerji siyasətini, regional sabitliyi və davamlı inkişaf strategiyasını bir daha nümayiş etdirdi. Bu çıxışda Azərbaycanın Qarabağın bərpası, yaşıl enerjiyə keçid, nəqliyyat dəhlizləri və qlobal tərəfdaşlıqlar kimi prioritet istiqamətləri əks olunub.

Ölkəmizin başçısının qeyd etdiyi kimi, bu  Media Forumları artıq ənənəvi xarakter alıb və regionda sülhün, eləcə də informasiya dayanıqlığının gücləndirilməsi üçün mühüm platformaya çevrilib. Forumun Xankəndidə keçirilməsi simvolik dəyər daşıyır – bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin uğurla aparıldığını nümayiş etdirir. Xankəndidəki Zəfər meydanı və Qələbə muzeyi kimi obyektlər milli qürurun bərpasını simvollaşdırır.

52 ölkədən 140-a yaxın xarici nümayəndənin, o cümlədən 30-dan çox nüfuzlu informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun iştirakı Forumun qlobal informasiya mühitində yaratdığı ciddi əks sədanı göstərir.  Sessiyalar çərçivəsində media dayanıqlılığı, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və süni intellektin jurnalistikaya təsiri kimi mühüm məsələlər müzakirə olunub, praktik yanaşmalar və əməkdaşlıq imkanları dəyərləndirilib. Prezident İlham Əliyevin Forumda çıxışı Azərbaycanın gələcək inkişaf trayektoriyası, beynəlxalq münasibətləri və regional iqtisadi-siyasi planları barədə mühüm tezislərlə yadda qalıb.

Bu gün dünyada çüni intellektin sürətlə inkişaf etdiyi dövrdə informasiya təhlükəsizliyi və media dayanıqlılığı hər bir ölkənin strateji gündəliyinə çevrilməlidir. Forumun mövzusu da məhz bu çağırışlara cavab verməyə yönəlib. Medianın əsas vəzifəsi yalnız xəbərləri yaymaq deyil, həm də ictimai şüuru formalaşdırmaq və dezinformasiyaya qarşı immunitet yaratmaqdır.

Bu beynəlxalq tədbirdə müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Sözügedən dəhliz yalnız Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirmək deyil, həm də Çindən Avropaya uzanan Orta Dəhlizin vacib halqasına çevrilmək potensialına malikdir. Ona görə də Azərbaycan artıq burada böyük həcmli nəqliyyat-logistika infrastrukturunu qurmaqda israrlıdır. Regionda indi əsas diqqət iqtisadi inkişaf, rəqəmsallaşma və yaşıl enerji gündəliyinin icrasına yönəlib. Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi yenidənqurma və «Böyük Qayıdış» proqramı təkcə humanitar deyil, həm də iqtisadi və strateji xarakter daşıyır.

Tədbirdə Prezident İlham Əliyev deyib ki,  xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir: “Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var”.

Azərbaycan ötən il  COP29-a ev sahibliyi etməklə qlobal iqlim gündəliyinə verdiyi töhfələri və yaşıl enerji siyasətindəki liderlik mövqeyini daha da möhkəmləndirib. Bu mühüm beynəlxalq tədbir Azərbaycanın ekoloji məsuliyyətə əsaslanan inkişaf modelini və dayanıqlı gələcək vizyonunu bir daha nümayiş etdirib. 2030-cu ilə qədər imzalanmış müqavilələr əsasında ölkəmiz ən azı 6 giqavat gücündə bərpa olunan enerji istehsalını həyata keçirməyi planlaşdırır ki, bu da Azərbaycanın enerji sektorunda şaxələndirmə və karbon emissiyalarının azaldılması istiqamətindəki qətiyyətini əks etdirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq 30 su elektrik stansiyası istismara verilib. Bu stansiyalar təkcə elektrik enerjisi istehsal etməklə kifayətlənmir, eyni zamanda azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirir, regionda yaşıl infrastrukturların formalaşmasına və ətraf mühitin bərpasına mühüm töhfə verir.

Ümumiyyətlə bu Media Forumu qlobal gündəliklə bağlı ən mühüm mövzuların açıq şəraitdə müzakirəsini həyata keçirməklə söz azadlığına yeni töhfə vermiş oldu.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

phrase_var_article.chosen
21
ikisahil.az

1phrase_var_article.sources