Bu ilin oktyabr ayının sonunadək Azərbaycanda fəaliyyət göstərən bütün banklar “Az-QR” standartına keçid edəcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, “Az-QR” sistemi ölkə üzrə bütün ödəniş nöqtələrində tətbiq olunacaq və bu, istehlakçılara QR kod vasitəsilə rahat və sürətli ödəniş imkanı yaradacaq. Sistem həm müştərilər, həm də sahibkarlar üçün bir sıra üstünlüklər vəd edir.
Taleh Kazımov bildirib ki, bu texnoloji yenilik mikro və kiçik sahibkarlar üçün xüsusilə əhəmiyyətlidir. Çünki ənənəvi POS-terminalların alınması və istifadəsi onların xərclərini əhəmiyyətli dərəcədə artırır. Hal-hazırda bir POS-terminalın qiyməti təxminən 500-600 ABŞ dolları civarındadır və bu rəqəm mikro sahibkarlar üçün ciddi maliyyə yükü yaradır. “Az-QR” texnologiyası isə bu problemi aradan qaldırmaqla yanaşı, bankların da əməliyyat xərclərini azaldır və nağdsız ödənişlərin həcmini artırmaqla maliyyə inklüzivliyini gücləndirir.
“Az-QR” nədir və necə işləyir?
“Az-QR” – Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan və vahid texniki standartlara əsaslanan QR kodla ödəniş sistemidir. Bu sistem vasitəsilə istifadəçilər öz mobil bankçılıq və ya ödəniş tətbiqləri ilə fiziki və ya elektron formatda olan QR kodu oxudaraq birbaşa bank hesablarından vəsait köçürə bilirlər. “Az-QR” kodu həm mal və xidmətlərin ödənişi, həm də "peer-to-peer" (P2P) yəni fərdi şəxslər arasında ödənişlər üçün istifadə oluna bilir.
Bu mexanizm müasir “open banking” prinsiplərinə uyğun olaraq işləyir və ölkədə rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsinə xidmət edir. Bu sistemin tətbiqi istifadəçilərə POS-terminala toxunmadan, əlavə cihazlara ehtiyac olmadan, birbaşa mobil cihaz üzərindən əməliyyatı yerinə yetirməyə imkan verir.
Yeni sistemin üstünlükləri nələrdir?
Mikro və kiçik sahibkarlara dəstək: POS-terminal almadan da ödəniş qəbul etmək imkanı yaratdığı üçün xərclər azalır, rəqəmsal satışlar isə asanlaşır.
Nağdsız ödənişlərin artması: QR kod texnologiyası nağdsız cəmiyyətə keçidi sürətləndirir, vergidən yayınma hallarının qarşısını alır.
Sadə və təhlükəsiz: QR ödənişləri şifrələmə və təhlükəsizlik standartlarına uyğun aparıldığından həm istifadəçi, həm də satıcı üçün risksiz hesab olunur.