Bakı, 23 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin birinci yarımilində 12,4 milyon müraciət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 8 milyon dəfə istifadə olunub, 132 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra edilən geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 6 ayı ərzində nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 259 milyon olub.