Ajans.az xəbər verir ki, Starlink-in sürəti iki il ərzində artıb, lakin kabel internet hələ də daha sürətli və stabil qalır. Bu barədə CNET nəşri Ookla şirkətinin hesabatına istinadən məlumat yayıb. Şirkətin məlumatına görə, 2022-ci ildən bəri Starlink-in median yükləmə sürəti saniyədə 53,95 meqabitdən 104,71 meqabitə yüksəlib. Lakin provayderin müştərilərinin cəmi 17,4 faizi Federal Rabitə Komissiyasının (FCC) minimal tələblərinə cavab verən xidmətlərdən istifadə edir. FCC müəyyən edib ki, ev internetinin yükləmə sürəti ən azı 100 meqabit/saniyə, yükləmə (yəni göndərmə) sürəti isə ən azı 20 meqabit/saniyə olmalıdır. Ookla bildirib ki, Starlink-in median göndərmə sürəti yalnız 14,84 meqabit/saniyə təşkil edir. Həmçinin Elon Maskın peyk internetində gecikmə yüksəkdir – 45 millisekund, halbuki ABŞ üzrə orta göstərici 12 millisekunddur. Tədqiqatçılar qeyd edirlər ki, Starlink hələlik adi kabel internet provayderlərini qabaqlaya bilməyib. Məqalədə deyilir ki, Starlink yeni müştərilər cəlb etməkdə olduqca uğurludur. 2022-ci ildən bəri SpaceX dünyada abunəçi bazasını 1 milyondan 6 milyona qədər artırıb. Həmçinin şirkətin üç il əvvəl orbitdə 1761 peyki vardısa, 2025-ci il üçün onların sayı 7607-ə çatdırılıb. İyulun əvvəlində Starlink havada internet sürəti rekordunu qıraraq saniyədə 152 meqabit göstərib. Ookla mütəxəssisləri Starlink-in üstünlüyünü Yer ətrafındakı böyük peyk qrupuna bağlayırlar.