AZ

Zəngəzura dəhlizinə yeni alternativ: İrəvan Qazax-İcevan yolunu təklif edir - MÜSAHİBƏ

BAKI, 23 iyul. TELEQRAF

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, son zamanlar ABŞ Prezidentinin Administrasiyası, xüsusi ilə Donald Tramp tərəfindən Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dair müsbət mesajlar verilir. Bakı ilə İrəvan arasında danışıqların istiqamətinə bu cür mesajların təsirini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, yeni Ağ Ev Administrasiyasının ardıcıl olaraq vermiş olduğu mesajlar prosesə müsbət təsir edə bilər. Faktiki olaraq bu gün Tramp Administrasiyası Bayden (sabiq ABŞ Prezidenti Cozef Bayden) dövründəki kimi Azərbaycanla Ermənistan arasındakı prosesə birbaşa müdaxilə etmir. Sadəcə, onlar kənardan bu məsələyə dəstək verir. Bu da məqbul yanaşmadır. Bayden dövründə isə ABŞ Dövlət Departamentinə və Konqresə müəyyən təlimatlar gedirdi. Nəticədə Azərbaycana qarşı əsassız dinləmələr təşkil edilir, absurd iddialar gündəmə gətirilirdi. İndi isə bunların hamısı bitib. Amerika konkret olaraq Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək verir. Tərəflər üçün də zəruri olan məsələlərdə yardım göstərəcəyini bəyan edir. Azərbaycan Prezidenti İlham Əliyev də Xankəndidəki Forumda çıxışında Trampın yanaşmaları müsbət qiymətləndirdi.

- Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-ın rolu və təsir imkanları nədən ibarətdir? Amerikanın hansısa şirkətinin nəzarətində və ya icarəsi əsasında dəhlizin 100 illik fəaliyyəti hansı əsaslarla təmin oluna bilər?

- Dəhliz məsələsi sülh prosesindən ayrı bir mövzudur. Prezident İlham Əliyev də bəyan etdi ki, bu, Ermənistanın məsələsidir. İrəvana verilən təklif ondan ibarətdir ki, Zəngəzur dəhlizindən maneəsiz və təhlükəsiz keçid təmin olunmalıdır. Erməni tərəfinin bunu Amerika və yaxud Rusiya ilə edəcəyi ilə bağlı qərarı öz verməlidir. Azərbaycan bu məsələlərə müdaxilə etmir. Amma Azərbaycanın hansısa ərazisində və yollarında heç bir dövlətin nəzarəti ola bilməz.

- Rusiya və İranın Zəngəzur dəhlizinin Amerikanın təklif etdiyi mexanizmlə açılmasına reaksiyası necə olacaq?

- İndi Ermənistanın özü də ikili oyun aparır. Bir tərəfdən Baş nazir Nikol Paşinyan iddia edir ki, onlar Amerikanın dəhlizdə iştirakını nəzərdən keçirə bilər. Amma digər yandan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səhərisi günü İrana zəng edib deyir ki, “Amerika Zəngəzura gələ bilməyəcək, siz narahat olmayın”. Eyni zamanda Ermənistan tərəfi həmçinin ABŞ-in dəhlizdə iştirakını yeni bir bəhanə kimi istifadə etmək istəyir. Bununla prosesi uzatmaq niyyətləri var. Faktiki olaraq dəhlizin keçəcəyi yolda erməni tərəfi heç bir iş görməyib. Sadəcə olaraq söz oyunu ilə məşğuldurlar. Hətta bir müddət Zəngəzur dəhlizinə alternativ olaraq Qazax-İcevan yolunu inşa etməyi də təklif edirdilər. Azərbaycan isə buna qəti şəkildə razı deyil. Bakının əsas tələbi odur ki, Zəngəzur dəhlizi açılmayana qədər Ermənistan üçün bütün yollar bağlı qalacaq.

- Sülh prosesinin ləngiməsində Zəngəzur dəhlizinin açılmamasının təsiri varmı?

- Təbii olaraq dəhlizin açılmasının sülh prosesinə, münasibətlərin normallaşmasına təsiri var. Azərbaycan tərəfi sülh danışıqlarından bu mövzunu ayrıca müzakirə edir. Sülh razılaşmasında dəhlizlə bağlı məsələ yoxdur. Hazırda tərəflər arasında sülh mətni üzərində əldə edilən razılaşma fonunda onun paraflanması gözlənilir. Bununla yanaşı ATƏT-ə Minsk Qrupunun fəaliyyətinə xitam verməklə bağlı birgə müraciət ünvanlanmalıdır. Proseslər indi məhz bu mərhələdədir.

Seçilən
55
teleqraf.com

1Mənbələr