AZ

Süni intellekt dövründə informasiya dayanıqlılığı və strateji təşəbbüslər...

...III Şuşa Qlobal Media Forumu və Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi

Hər bir tarixi dövr özünəməxsus çağırışları və inkişaf trayektoriyası ilə fərqlənir. Cəmiyyət isə bu çağırışlara uyğun strategiyalar müəyyən etməklə transformasiyaya məruz qalır və yeni reallıqlara adaptasiya olmağa çalışır. XXI əsrin qlobal konfiqurasiyasında süni intellekt texnologiyalarının sürətli inkişafı həm texnoloji, həm də sosial, mədəni və siyasi sahələrdə dərin struktur dəyişikliklərinə səbəb olmaqda, dövlətlərin idarəetmə modellərindən tutmuş, media və informasiya təhlükəsizliyi siyasətinədək bir çox sahədə yeni prioritetlər formalaşdırmaqdadır.

Bu baxımdan, müasir dövrün əsas tələblərindən biri süni intellektlə işləmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, insan faktorunu – xüsusilə də yaradıcılıq, etik qərarvermə və strateji düşüncə kimi bənzərsiz keyfiyyətləri qoruyub saxlamaq və cəmiyyətin texnoloji proseslərə aktiv və şüurlu inteqrasiyasını təmin etməkdir. Belə bir reallıqda həm fərdlərin, həm də institutların rəqəmsal keçid prosesində dayanıqlılığının artırılması, eyni zamanda informasiya suverenliyi və mədəni özünəməxsusluğun qorunması dövlət siyasətinin strateji hədəflərindən birinə çevrilmişdir.

Məhz bu qlobal transformasiyalar fonunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində media mühitindəki texnoloji yeniliklərin müzakirəsi ilə yanaşı, süni intellektin informasiya axınına təsiri, dezinformasiya və kibertəhlükələrə qarşı institusional müdafiə mexanizmlərinin formalaşdırılması, milli-mənəvi identikliyin qlobal rəqəmsal çağırışlar qarşısında qorunub saxlanılması kimi mühüm məsələlər beynəlxalq səviyyədə müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumun açılışında etdiyi çıxış, bu proseslərin geosiyasi ölçülərini və ölkəmizin informasiya təhlükəsizliyi strategiyasını aydın şəkildə ortaya qoydu. Dövlət başçımızın media siyasətinə dair verdiyi mesajlar göstərdi ki, Azərbaycan yeni texnoloji reallıqları müşahidə etməklə kifayətlənmir, əksinə, bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirərək regional və qlobal informasiya gündəminin formalaşmasında fəal iştirak edir. Xankəndi şəhərində keçirilən bu əhəmiyyətli forumda  52 ölkədən 140 qonaq , o cümlədən  qlobal media ekspertləri, jurnalistlər, dövlət rəsmiləri və texnoloji sahənin mütəxəssisləri iştirak etdi.

Rəqəmsal keçidin sürətləndiyi bir dövrdə media institutlarının transformasiya potensialını və informasiya ekosistemində sabitliyin qorunması mexanizmlərini təhlil etməyi əsas məqsəd kimi müəyyən edən Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakçıların suallarını əhatəli şəkildə cavablandırdı.

Artıq ənənəvi xarakter almış Şuşa Qlobal Media Forumu təkcə regional deyil, qlobal informasiya mühitində açıq, şəffaf və prinsipial dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir tribuna kimi formalaşmaqdadır. Forumun hər il artan iştirakçı sayı və coğrafi əhatəsi sübut edir ki, dünya mediası mürəkkəb çağırışlar dövründə belə müstəvilərə böyük ehtiyac duyur. Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışı da bu ehtiyacı tam dolğunluqla əks etdirərək, informasiya siyasətinin yalnız media ilə məhdudlaşmadığını, həmçinin geosiyasi və texnoloji reallıqlarla birbaşa bağlı olduğunu göstərdi.

Dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, informasiya savaşları və süni intellektin informasiya istehsalına təsiri media institutlarının dayanıqlılığını prioritetə çevirib. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, ötən il keçirilmiş Şuşa Forumundan bu günədək baş verən dəyişikliklərin intensivliyi, medianın bu hadisələri izləyib cəmiyyətə çatdırma funksiyasının aktuallığını daha da artırır. Bu səbəbdən Forumun builki sessiyası Xankəndinin Zəfər meydanında, yeni tikilmiş Konqres Mərkəzində keçirilməklə xüsusi simvolik məna daşıyır – işğaldan azad olunmuş torpaqlarda informasiya və söz azadlığına əsaslanan yeni bir reallığın təməli qoyulur.

Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri 2024-cü ilin ən böyük tədbiri – COP29-un Bakıda keçirilməsi olmuşdur. Təxminən 200 ölkədən nümayəndələrin, o cümlədən 70-dən artıq dövlət və hökumət başçısının iştirak etdiyi bu tədbir Azərbaycanın qlobal iqlim gündəliyinə nə qədər aktiv şəkildə töhfə verdiyini sübut etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji istehsalında təmiz mənbələrdən – su, təbii qaz və Günəş enerjisindən istifadə etməsi ekologiyaya olan məsuliyyətli münasibətin bariz nümunəsidir.

 Prezident İlham Əliyev qardaş dövlət  Özbəkistanın Qarabağın bərpasına töhfəsindən də bəhs etdi. Qarabağın bərpası prosesində ilk real töhfə məhz Özbəkistan tərəfindən verilmişdir. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən 960 şagirdlik Mirzə Uluqbəy adına məktəbdə artıq 500-dən çox şagird təhsil alır. Bu, Füzuliyə köçürülmə prosesinin ilkin mərhələdə olduğu şəraitdə belə, qayıdış prosesinin intensivliyini və bu prosesə verilən dəstəyin göstəricisidir.

 Azərbaycanın geosiyasi mövqeyinin və işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyinin bərpasının dünyaya nümayişi baxımından böyük əhəmiyyət daşıyan tədbirlərdən biri də  İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iştirakı ilə Xankəndidə keçirilmiş Zirvə görüşü olmuşdur. Dövlət başçılarının bu tədbirdə iştirakı, Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdışına verilən beynəlxalq dəstəyin açıq təzahürüdür.

Dövlət başçımızın vurğuladığı kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş “vilayət komitəsi” binasının yerində bu gün Qələbə muzeyinin inşa edilməsi və separatçılar tərəfindən “parlament” kimi istifadə olunan binanın yerində dövlət başçılarının qəbul olunduğu Konqres Mərkəzinin qurulması, Azərbaycanın işğal sonrası informasiya və mədəni siyasətinin bariz nümunəsidir. Xankəndidə inşa edilən Qələbə meydanı və tikilməkdə olan hotel kompleksləri isə bölgənin iqtisadi və sosial reinteqrasiyasının təməlini formalaşdırır.

Zəngəzur dəhlizi layihəsi Avrasiya məkanında strateji tranzit marşrutlarının diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəhliz yalnız regional deyil, həm də qlobal daşımalar üçün yeni alternativ yoldur. İnfrastrukturun genişləndirilməsi və rəqəmsallaşma ilə müşayiət olunan gömrük sadələşdirməsi, Azərbaycanın logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Beləliklə, yalnız Cənubi Qafqazda deyil, həm də Şimal-Cənub dəhlizinin yeni şaxəsinin – Şərqi Zəngəzurdan İrana və oradan Türkiyəyə qədər uzanan yolun formalaşmasına zəmin yaradılacaq.

  Dövlət başçısımız Qarabağ münaqişəsinin başa çatmasının regionda yeni reallıqlar formalaşdırdığını vurğuladı. Azərbaycanın daxili inkişaf gündəliyindəki prioritetləri təkcə təbii resurslarla deyil, eyni zamanda informasiya texnologiyaları, süni intellekt və innovasiya sektorunun inkişafı ilə müəyyən olunur. Azərbaycan artıq aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq edir və bu sahə ölkəmizin yeni inkişaf mərhələsində mühüm rol oynayacaq.

Regional əməkdaşlıq və nəqliyyat-bağlantı layihələrinin uğuru sabitlik, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri ilə birbaşa bağlıdır. Azərbaycan son illərdə etibarlı tərəfdaş imicini gücləndirib və bu imicin arxasında konkret addımlar, sözlə əməl arasında uzlaşma dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, tranzit layihələr təkcə yük daşımalarına deyil, onların ətrafında formalaşan iqtisadi ekosistemlə, yeni sahələrin yaradılması və sərmayələrin cəlbi ilə ölkənin davamlı inkişafına xidmət edir.

Orta Dəhlizin əhəmiyyətindən danışan dövlət başçısı bu layihənin Şərqdən Qərbə uzanan çoxşaxəli əməkdaşlıq platforması olduğunu bildirdi. Bu dəhliz təkcə region ölkələrini deyil, geniş Avrasiya məkanını əhatə edir və burada dərin anlaşma, strateji koordinasiya və qarşılıqlı faydalı münasibətlər əsas prinsipdir.

Prezident İlham Əliyevin çıxışında Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesində beynəlxalq ikili standartlarıdan da bəhs etdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əvvəllər “qəbuledilməz” kimi tanıdığı status-kvonu sonradan “dayanıqlı” adlandırmaqla əsl mövqelərini nümayiş etdirmişdilər. Bu, Azərbaycana “reallıqla barışın” mesajı idi – lakin rəsmi Bakı bununla razılaşmadı.

17 il davam edən danışıqlar nəticə vermədikdə Azərbaycan siyasi qərar qəbul etdi: reallıqla barışmaq əvəzinə, yeni reallıq yaratmaq. Bu məqsəd 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatı ilə gerçəkləşdirildi. Beləliklə, beynəlxalq hüquq prinsiplərinə əsaslanan, lakin daim kağız üzərində qalan arqumentlər praktik gücə çevrildi. Azərbaycan bu gün öz suverenliyini bərpa etmiş, regionda yeni geosiyasi reallıq formalaşdırmış dövlətdir.

Prezident İlham Əliyevin həm xalqına, həm də beynəlxalq tərəfdaşlarına yalan danışmamağın onun siyasi fəaliyyətində əsas prinsip olduğunu söylədi. Dövlət başçımız etimad – razılıq deyil, öhdəliyə və sözün dəyərinə inanmaq olduğunu, bu yanaşmanın Azərbaycanın diplomatik xəttində etibarlı tərəfdaş imicinin formalaşmasında mühüm rol oynadığını bildirdi. Xüsusilə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ardıcıl sadiqlik Azərbaycanın separatizmə qarşı qlobal mübarizədə ardıcıl mövqeyini əsaslandırır və ölkəmizə beynəlxalq aləmdə xüsusi status qazandırır.

Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirməsi, regional və qlobal təhlükələrə qarşı çevik yanaşmalar formalaşdırması Prezident Əliyevin siyasi çevikliyinin göstəricisidir. Azərbaycan regional inteqrasiyada həm Avropa, həm də İslam dünyasında aktiv və balanslı mövqe tutaraq D-8 kimi nadir qurumlara üzvlüyə qəbul edilən ilk ölkə olmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev xarici siyasətdə milli maraqların qorunması ilə regional sabitlik arasında tarazlıq prinsipinin önəmindən də bəhs etdi. Yalnız öz maraqlarına deyil, qonşu ölkələrin perspektivlərinə də nəzər salmaqla daha dayanıqlı siyasət yürütmək mümkündür.

Cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq əlaqələr sistemində yeni coğrafiyalara – xüsusilə Latın Amerikası regionuna olan marağından da bəhs etdi. Bu regionun bir sıra ölkələrində artıq diplomatik təmsilçiliklər fəaliyyət göstərir, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər təşkil olunur. Lakin bu əlaqələr hələ tam potensialını ortaya qoymayıb. Dövlət başçısının sözlərindən aydın olur ki, Azərbaycan kənd təsərrüfatı, sərmayə və mədəni əməkdaşlıq sahələrində Latın Amerikası ölkələri ilə qarşılıqlı maraq doğuran layihələrə hazırdır. Bu yanaşma ölkəmizin çoxvektorlu xarici siyasətində yeni bir istiqamətin formalaşmaqda olduğunu göstərir.

Forumun əsas müzakirə predmeti olan media dayanıqlılığı məsələsində Prezident İlham Əliyev Azərbaycan mediasının son illərdə keçdiyi inkişaf yolunu xüsusi vurğuladı. Bu gün Azərbaycan informasiya mübarizəsində yalnız müdafiə mövqeyində deyil, hücum imkanlarına da malikdir. Dövlət maraqlarının müdafiəsi, əsassız ittihamların faktlarla təkzibi və beynəlxalq auditoriyaya doğru informasiya ötürmək baxımından media əsas vasitəyə çevrilib.

Prezident İlham Əliyevin Forum çərçivəsində toxunduğu əsas mövzulardan biri də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa və köç proqramları – yəni “Böyük Qayıdış” idi. Cənab Prezident qeyd etdi ki, artıq layihənin infrastruktur mərhələsi böyük ölçüdə tamamlanıb, elektrik şəbəkələri, su elektrik stansiyaları, magistral yollar, dəmir yolları, tunellər və digər zəruri sistemlər qurulub. Bu reallıqlar, qayıdan əhalinin sayındakı artım və Qarabağ Universitetinin fəaliyyəti bu proqramın təkcə strateji plan deyil, real həyat faktına çevrildiyini sübut edir.

Artıq mərhələvi şəkildə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı başlayıb. Dövlət başçısının vurğuladığı kimi, əsas diqqət bundan sonra yaşayış evlərinin və sosial infrastrukturun genişləndirilməsinə yönəldiləcək. Bu proses, Qarabağ və Şərqi Zəngəzurun cəmiyyətə inteqrasiyasını sürətləndirəcək, regionun tam dirçəlişinə zəmin yaradacaq.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda formalaşdırdığı strateji mövqeyin məntiqi ifadəsidir. Bu çıxışda əksini tapan fikirlər yalnız informasiya təhlükəsizliyi və media müstəvisindəki çağırışlara deyil, eyni zamanda Azərbaycanın öz suverenliyi, milli maraqları və dəyərləri əsasında qurduğu çoxşaxəli diplomatik xəttə işıq salır.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini

phrase_var_article.chosen
12
ikisahil.az

1phrase_var_article.sources