“Rusiya ilə Azərbaycan arasında hazırkı gərginlik qəfil yaranmış hadisə deyil, uzun müddətdir yığılıb gələn və nəticələri gözlənilən bir prosesdir. Bu, təkcə Azərbaycanın sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı deyil — məsələ daha dərindir və bunu hər iki tərəf anlayır”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Rusiya təkcə Azərbaycana deyil, ümumilikdə postsovet məkanına qarşı imperialist iddialarını uzun illər gizli saxlayıb:
“Lakin bu iddialar xüsusilə Ukrayna müharibəsindən sonra açıq şəkildə ortaya çıxmağa başladı. Rusiyada əvvəllər də azərbaycanlılar hədəfə alınır, Azərbaycan kənd təsərrüfatı məhsulları sərhəddən geri qaytarılır, Ermənistana siyasi və hərbi dəstək göstərilirdi. Qarabağ məsələsinin uzanması da məhz Rusiyanın manipulyativ siyasəti ilə mümkün olmuşdu.
44 günlük Vətən Müharibəsi zamanı da Rusiya Ermənistanı gizli şəkildə silahlandırdı, müharibənin son günlərində isə Şuşa və Bakı istiqamətinə “İskəndər-M” ballistik raketi atdı. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi bu addımlara qarşı təmkinli mövqe sərgilədi. Rusiya sülhməramlı adı altında Qarabağa yerləşdi və burada erməni tərəfə açıq dəstək verdi. Bu isə iki ölkə arasında gərginliyin daha da dərinləşməsinə səbəb oldu”.
Politoloqun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Rusiya tərəfinin daxili narazılığı daha açıq şəkildə hiss olunmağa başladı:
“Qroznı səmasında Azərbaycanın mülki təyyarəsinin vurulması və ardınca Rusiyada iki azərbaycanlının döyülərək öldürülməsi vəziyyəti daha da qızışdırdı. Bu hadisələr sadəcə buzdağının görünən hissəsidir. Rusiya mediası artıq niyyətini gizlətmir, Azərbaycan tərəfi isə bu gərginliyin labüd olduğunu anlayaraq geri çəkilməyə niyyətli deyil.
Cənubi Qafqaz regionunda nüfuz uğrunda mübarizə başlayıb və bu mübarizənin sonunda kimin söz sahibi olacağı müəyyənləşəcək. İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gərginləşməsi, təbii ki, heç bir tərəf üçün faydalı deyil. Lakin Azərbaycan artıq siyasi və iqtisadi təhlükəsizliyini alternativ yollarla təmin edib”.
“Ən real və sülhə aparan yol odur ki, bu məsələlər Rusiya və Azərbaycan dövlətlərinin rəsmi dairələri arasında dialoq yolu ilə qaydasına salınsın. Çünki yaranmış vəziyyətdən yalnız üçüncü qüvvələr faydalana bilər. Əgər bu qarşıdurmanın kökündə regionda liderlik uğrunda mübarizə dayanırsa, bu, hər iki ölkənin milli maraqları çərçivəsində və qarşılıqlı anlaşma ilə həll olunmalıdır. Ümid edirik ki, ağıl və təmkin qalib gələcək”,- deyə A. Qasımov fikirlərini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az