ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Çox təəssüf ki, post-sosialist ölkələrinin əksəriyyətində yerli strukturların apardığı sorğulara inanmaq olmur. Onların obyektivliyi və reprezentativliyi bir yana, proses hətta psixoloji çətinliklərdən də xali deyil. Belə ki, insanlar bəzən müəyyən məsələlərlə bağlı fikir bildirməyə də ehtiyat edir, çünki respondent kimi gizlin qalacaqlarına əmin deyillər.
Bu mənada qonşu (artıq belə adlandırmaq olarmı?) Ermənistan və onun cəmiyyəti də istisna deyil. Bəzi hallarda nə siyasətçilərinə inanmaq olur, nə politoloqlara, nə də sosioloqlara!
Amma bu ölkədə indiki hakimiyyət fəaliyyətə başlayandan sonra bəzi nüfuzlu Qərb, xüusəsən də ABŞ sorğu xidmətləri daha çox siyasi mövzularda sorğular keçirməyə başlayıblar ki, adam istər-istəməz onlara inanmaq istəyir, çünki bu sorğularda nəinki hakimiyyətə, hətta hansısa qeyri-siyasi qüvvəyə yararlanmaq cəhdləri sezilmir.
Belə bir böyük sorğu bir il–il yarım bundan əvvəl keçirilmişdi Ermənistanda. Daha biri iləsə bu günlərdə rastlaşdıq. Bunu ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu keçirib. Ona görə də düşünürük ki, bu sorğulara da inanmaq olar, çünki bu qəbildən olan xidmətlər ən azı öz reputasiyaları haqqında düşünürlər.
Qərəz, diqqətimizi çəkən nə oldu? Rəyi soruşulanların 60 faizi mövcud siyasi qüvvələrin heç birini dəstəkləməyəcəyini və gələn ilki seçkilərdə onların heç birinə səs verməyəcəyini deyir! Başqa məqamlar da vardı bu soğularda, hansılar ki, növbəti parlament seçkilərində ölkədə çox böyük siyasi boşluğun - vakuumun yaşanacağını deməyə əsas verir.
Amma Aristotelin "təbiət boşluğu sevmir” haqqındakı fikirlərini siyasi fəzalara da aid etmək olar: elə siyasət də boşluğu sevmir, onları ya yeni siyasi qüvvələr tutur, ya da fürsətdən siyasi fırıldaqçılar və möhtəkirlər faydalanır.
Ermənistanda növbəti ildə bunların hansı olacaq? Vallah, demək olmur, ən azı istisana deyil ki, ölkədə siyasi sürpriz yaşana bilər, bir neçə il bundan əvvəl olduğu kimi meydana növbəti Nikol Paşinyan çıxa bilər (ən yaxşı halda!), axı o vaxt heç kimin ağlına gələ bilməzdi ki, siyasi səhnəni ən yüksək siyasi statusu deputat olmuş bir jurnalist tuta bilər!
Bir daha deyirik ki, belə perspektiv mümkün siyasi senarilərin heç də ən qorxuncu deyil. Narahatlıq yaradan budur ki, növbəti dinc-məxməri inqilabda siyasi fırıldaqçılar və möhtəkirlər önə çıxa bilər və bununla da ən azı Paşinyanın son illərdə erməni cəmiyyətinə keçdiyi "siyasi dərslər” yarımçıq qalar, hansılara ki, hələ də müəyyən ümidlərlə baxırıq, çünki bütün bunlar bütün hallarda, Ermənistan üçün yeni bir şeydir, hərçənd, azca tələskən, xüsusən də erməni siyasətçiləri haqqında, yumşaq şəkildə desək, yüksək fikirdə olmayan, daim onlara etibar etməməyə çağıran təhlilçilərin Paşinyanın vaxt qazanmağa çalışması haqdakı mülahizələri mötəbər informasiyalara söykənməsə də, hər halda, tamam əsassıaz da deyillər.
İlk baxışda həqiqətən belə təəssürat yaranır: erməni baş naziri daxili ictimai-siyasi auditoriya ilə intensiv şəkildə işləsə də, onları Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının zəruri olmasına inandırmağa cəhd etsə də, hətta bu iki ölkəylə diplomatik təmaslar qurmağa çalışsa da hələ ki ortada konkret sənəd, razılaşma yoxdur. Hətta Əbu-Dabi görüşündən hamı məmnunluqla ayrılsa da, tərəflərin niyyətləri hansısa diplomatik sənəddə əksini tapmadı.
Ona görə də təhlilçilərin bir qismi prosesin gedişinə şübhələrlə yanaşmaqda, bir az əvvəlcədə qeyd etdiyimiz kimi, tamam haqsız da deyillər. Başa düşürük, proses düşünülən qədər asan deyil, on illərlə, bəlkə yüz ildən çox şovinist-millətçi təbliğata məruz qalan, Azərbaycanla az qala, otuz il müharibə aparan xalqı indi durub bunun əksinə inandırmaq elə də asan məsələ deyil, xüsusən də nəzərə alanda ki, Kremldən siyasi dəstək almaqda davam edən kriminal-şovinist müxalifət tamam tərki-silah edilməyib, "suyu bulandırmaqda” davam edir.
Üstəlik, Paşinyan sərbəst hərəkət edə bilmək, ölkəsini real siyasi relslərə yönəltmək üçün min illərlə erməniləri idarə edən kilsə ilə də siyasi müharibə-münaqişə etmək zorundan qalıb. Digər bir tərəfdən də Kreml marığa yatıb və bütün bu proseslərin dirijoru da məhz odur.
Amma Nikol ölkəni idarə etməkdədir və hələ ki, nə kriminal müxalifət, nə kilsə, hətta Kreml onu bu funksiyadan məhrum edə bilib. Üstəlik, erməni baş naziri özünün erməni cəmiyyəti üçün yeni, hətta bir az qeyri-adi görünən bəyanatlarını şifahi çəkildə davam etdirməkdədir. Olmazmı ki, o, real olaraq kiçik addım atsın, çünki konstitusiya dəyişikliklərinin tezliklə reallaşacağı deyilsə də, hətta ilin sonunadək Zəngəzur dəhlizi ilə bağlı məsələnin həll olunacağı da bildirilsə də, hamımız bunları hələ ki yalnız siyasi ehtimal və vəd kimi qəbul etmək məcburiyyətindəyik.
Amma Əbu Dabidəki görüşdən sonra hətta bizim diplomatlar bildirdilər ki, aralıq mərhələ kimi sülh sazişi paraflana bilər.
Amma sual olunur: cənab Paşinyan heç olmasa, Minsk Qrupu ilə bağlı mövqeyini dəqiqləşdirə bilməzmi? Yoxsa bu institutun "missiya”sının bitmədiyini. Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığını düşünür?
İnanın, nə qədər çalışırsan, başa düşmürsən ki, düşmürsən! İstər -istəməz, həqiqətən də belə fikir keçir beynindən ki, Nikol ondan konkret addımlar gözləyən Qərbi, hətta Azərbaycanla Türkiyəni aldatmır ki?
Amma tamam belə də görünmür, bu adam nəinki özü, hətta komandasının üzvləri erməni cəmiyyətilə "siyasi dərsləri” davam etdirir. Bir daha deyirik ki, əlbəttə, asan deyil, bir tərəfdə revanşist müxalifət, digər tərəfdə kilsə, üçüncü tərəfdə də Moskva!
Həm də Paşinyan üçün ən əsas məsələ qarşıdan gələn seçkiləri udmaqdır. Seçkini udmaqçün hələ ki nəzəri şanslar var. Əvvəldə qeyd etdiymiz kimi, böyük bir siyasi boşluq olsa da, Paşinyan formal cəhətdən opponentlərindən üstün elektoral dəstəyə malikdir, amma bu, həlledici üstünlük deyil və hesab olunur ki, Paşinyan seçkini hətta udsa da, çox kövrək qələbə olacaq bu.
Biz nə etməliyik? Bəlkə yanılıram, amma düşünürəm, erməni baş nazirini tələsdirməməliyik, qoy, o, seçkini udsun. Seçkini udsa, onun daha konkret addımlar atmaq üçün vaxtı və imkanı olacaq.
Bu adam əgər onda da prosesi yubatmaqla, "vaxt udmaq”la məşğul olsa, müəyyən təzyiqlər haqda düşünmək mümkün olacaq.
Bizə elə gəlir ki, hakimiyyətdə qalsa, o dövr Nikol üçün həlledici olacaq və hamı onu bəyanatlardan savayı həm də hərəkətə keçməyə, ölkəsinin regional siyasətini dəyişməyə, normallaşdırmağa çağıracaq, elə ölkə daxilində "sülh, yoxsa müharibə” dilemmasına da son vermək lazım gələcək, çünki belə qeyri-müəyyənlik də əbədi davam edə bilməz.
Həm də İrəvan Moskva ilə də münasibətlərinə aydınlıq gətirməlidir, ya özünə yeni dostlar tapmalı, ya da Kremllə köhnə "izdivacını” davam etdirməlidir. Hələliksə məlum olanı budur ki, Kreml Bakıya da, İrəvana da güclü təzyiqlər etməkdədir. İrəvana təzyiqlər daha çox onun içindən aparılır; revanşist müxalifət, kilsə qızışdırılır, hərbi bazalar gücləndirilir.
Bakıya qarşı onun öz içindən hərəkətə keçmək imkanları yoxdur Kremlin və o, daha çox Rusiyadakı azərbaycanlılara müharibə elan etməklə Azərbaycana təzyiq edəcəyini düşünür.
Tipik Putin yanaşmasıdır bu! Hələ prezidentliyinin ilk illərində bu adam azərbaycanlı əməkçi miqrantların hər il ailələrinə nə qədər pul göndərdiyini hesablamaqla məşğul idi.
İndi də həmin siyasət davam edir, əsasən bazarlarda çalışan azərbaycanlılara qarşı reydlər keçirilir. Başa düşmək olmur: əcəba, indi hansı dövrdür? Niyə xırda ticarətlə məşğul olan adamlara qarşı xüsusi reydlər keçirilmədir? Yoxsa sovetin vaxtında olduğu kimi indi də xırda ticarət möhtəkirlik, iqtisadi cinayət sayılır? İnsan Rusiyada qalmaq və çalışmaq izni alıbsa, niyə hansısa təzyiqlərə məruz qalmalıdır?
Bu "sual”ların üstündə baş sındırmağa dəyməz. Hətta problem onda deyil ki, Rusiya hələ hüquq dövləti deyil, ondadır ki, bu, əcaib, eybəcər imperiyadır və özünün keçmiş koloniyalarına təzyiq etmək üçün bütün vasitələrdən istifadə edər və edir də.
Ermənistanla, Nikol Paşinyanla bağlı siyasətimizdə bu məqamı da nəzərə almalıyıq: bəzən şərait düşmənləri də "dost” edə bilir. Həm də qoy Paşinyan hakimiyyətdə qalsın (bacaracaqmı?), hətta seçkiləri də udsun. Görək sonra bəhanəsi nə olacaq? Çox qədim siyasi hikməti bir daha təkrar edirik: şərait bəzən düşmənləri də dost edir...
Hüseynbala Səlimov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.