Yaponiya Baş naziri Şigeru İşibanın gələn ayın sonuna qədər istefasını elan edəcəyi gözlənilir.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, istefaya dair məlumat İşiba ilə ABŞ Prezidenti Donald Tramp arasında avtomobil idxalına tətbiq olunan tariflərin azaldılmasını və digər mallara yeni rüsumların qarşısını alan ticarət sazişinin açıqlanmasından sonra yayılıb.
Seçkilərdəki uğursuzluqdan sonra İşiba bəyan edib ki, ticarət razılaşmasını yekunlaşdırmaq və ölkədəki artan iqtisadi problemlərlə mübarizə aparmaq üçün hələlik vəzifəsində qalacaq. “Müqavilənin nəticələrini tam araşdırmadan qərar verə bilmərəm”, – deyə o, çərşənbə günü jurnalistlərə bildirib.
"Yomiuri" qəzetinin məlumatına görə, İşiba çərşənbə axşamı yaxın ətrafına bildirib ki, ticarət sazişi başa çatdıqdan sonra seçki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürəcək.
Xatırladaq ki, İşiba ötən il keçirilən liderlik yarışında sərt xətt tərəfdarı olan Sanae Takaichini məğlub etmişdi. Gözlənilir ki, Baş nazir bu gün günün ikinci yarısında hakim partiyanın əsas fiqurları ilə bir araya gələrək seçkinin nəticələrini müzakirə edəcək.