AZ

Xarici ticarətdə müsbət saldo 3 dəfə AZALIB - İqtisadiyyatımıza necə TƏSİR edəcək?

Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin I yarısında Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Müsbət saldonun azalmasının iqtisadiyyatımıza hansı yan təsirləri ola bilər?

Suala aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki,  müsbət saldonun azalmasının səbəbləri var:

“Müsbət saldonun 3 dəfə azalmasının əsas səbəbi odur ki, neftin hasilatı və ixracı xeyli azalıb.Neftin dünya bazarındakı qiyməti də stabil deyil. Tez-tez dəyişir. Hazırda bir barrelin qiyməti 70 dollara yaxındır. Beləcə həm neftin hasilatının azalması, həm də qiymətin heç də yüksək olmaması bizim ixracatdan gələn əsas gəlirlərimizə təsir edir. Yəni neftdən gələn gəlir azaldıqca, müsbət saldo da azalır. Üstəlik idxaldan asılılığımız o qədər çoxdur ki, müsbət saldo getdikcə azalır. Bunun iqtisadiyyata mənfi təsiri ondan ibarətdir ki, ölkədən valyuta çıxışının həcmi artır. Bununla belə elə bir təhlükəli vəziyyət yoxdur. Saldo hələ də müsbətdir. Bu əslində hökümət üçün bir siqnaldır ki, yerli istehsalı artırmaqla idxaldan asılılıq minimuma endirilsin. Digər vacib məqamsa odur ki, qeyri-neft sektorunda ixracı artırmaqla müsbət saldonu qoruyub saxlayaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
55
bizim.media

1Mənbələr