Milli Mətbuat və Jurnalistika Günü münasibətilə mətbuat nümayəndələrini təbrik edən “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd N. Abbasbəyli eyni zamanda mühüm bir təkliflə çıxış edib.
QHT.az xəbər verir ki, o, Qeyri-Hökumət Təşkilatları (QHT) sektorunun da öz peşə bayramına sahib olmasının zəruriliyini vurğulayıb:
"Əvvəla Milli mətbuat və jurnakistika günü münasibəti ilə bütün mətbuat işçilərini, əsl jurnalistləri təbrik edirəm. İkincisi, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə təltif olunan dostları isə dübarə təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevə təşəkkür edirəm.
Deyirəm adam jurnalistlərə lap qibtə edir. Bəzən hətta paxılığım da tutur.
Vaxtaşırı dövlət səviyyəsində bayramları qeyd olunur, ən yüksək səviyyədə diqqətdə saxlanılırlar, fərqlənənlər mülafatlandırılırlar və s. Əlbəttə ki, jurnalistlərin çoxunun halal haqqıdır, əziyyət çəkirlər. Qibtəm ( paxıllığım) bununla bağlı deyil.
Nə yaxşı olardı Vətəndaş cəmiyyəti institutıarının ən böyük və fəal hissəsi ictimai təşkilatların- QHT-lərin də bir bayramı təmtaraqla qeyd olunardı. Bu sahədə də olan kifayət qədər xidmətləri olanlar fərqləndirilərdi.
Ola bilər bu sektorin fəaliyyəti cəmiyyətdə Mətbuat kimi görünmür və bəzi vaxtlarda üzümüz qara edən bəzi "nümayəndələr" ucbatından ciddi tənqidlərə, ittihamlara da məruz qalıb, amma bilənlər bilir ki, on illərdi hər hansı mükafat ummadan, təmannasız dövlət və millət üçün külüng vuran, canını fəda edən və s. onlarla fədakar, vətənpərvər ictimai fəallarımız, hətta ictimai xadimlərimiz var!"
Sonda QHT rəhbəri təklif edir ki, vətəndaş cəmiyyətinin bu fəal hissəsini təmsil edən ictimai təşkilatlar üçün də rəsmi peşə bayramı təsis edilsin.
“Siz necə düşünürsünüz?” – deyə QHT sədri ictimaiyyətə müraciət edir.
Pərvanə Fərhadqızı