AZ

Artan boğulma halları:Məsuliyyətsizlikmi, yoxsa məlumat azlığı?

Təhlükəsizlik məsələləri üzrə ekspert: Əksər hallarda insanlar rəsmi icazəsi olmayan, texniki baxışdan keçməyən ərazilərdə çimməyi üstün tuturlar

Son illərdə yay mövsümü ilə bağlı ən çox gündəmə gələn faciələrdən biri də su hövzələrində boğulma hallarıdır. Xüsusən də istirahət mövsümündə – çimərliklərdə, çay və göllərdə, hətta süni hovuzlarda baş verən bu hadisələrin sayı çoxdur. Sual yaranır: Bu faciələrin kökündə məsuliyyətsizlikmi dayanır, yoxsa insanların maariflənmə səviyyəsinin zəifliyi?

Boğulma hallarının əksəriyyəti demək olar ki, insan faktoru ilə bağlıdır. Təhlükəsizlik qaydalarını gözardı etmək  yalnız özünü deyil, başqalarının həyatını da riskə atmaq deməkdir. Çimərlikdə təyin olunmuş xilasetmə xidmətinin xəbərdarlıqlarına məhəl qoymamaq, təhlükəli zonalarda üzmək, spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq kimi davranışlar boğulma hadisələrinin əsas səbəblərindəndir.

Bəzən insanlar su üzərində öz bacarıqlarına həddindən artıq güvənir, dalğalı dənizdə və ya axıntılı çaylarda “mən üzə bilirəm, mənə heç nə olmaz” yanaşması ilə hərəkət edirlər. Halbuki boğulma çox vaxt peşəkar üzgüçülərin belə ehtimal etmədiyi məqamda baş verir. Digər tərəfdən, cəmiyyətin su təhlükəsizliyi barədə maariflənmə səviyyəsi hələ də istənilən səviyyədə deyil. Məsələn, bir çox insanlar “soyuq suya birdən-birə girməyin” qaydasının niyə vacib olduğunu bilmir. Bədən temperaturundakı ani dəyişiklik ürək dayanmasına gətirib çıxara bilər. Eyni zamanda, boğulan insana necə yardım göstərmək lazım olduğunu da çox az adam bilir – yanlış müdaxilə isə həm xilas edən, həm də boğulan üçün həyati risk yaradır. İnsanların düşüncəsində təhlükə mədəniyyəti formalaşmadıqca, bütün bu tədbirlər sadəcə profilaktik xarakter daşıyacaq. Bizdə cəmiyyət olaraq məsuliyyət hissi hələ də zəifdir. Çimərlikdə “bu zona təhlükəlidir” lövhəsi görünsə belə, bəzi insanlar onu görməzlikdən gəlir. Halbuk,i təhlükə barədə maarifləndirici videoçarxlar, sosial şəbəkə kampaniyaları və maarifçi təlimlər bu düşüncəni dəyişmək üçün daha təsirli ola bilərdi.

Mütəxəssislərin də fikirlərinə görə, boğulma hallarının azalması üçün kompleks yanaşma tələb olunur. İlk növbədə maarifləndirici təlimlər və kampaniyaların gücləndirilməsi vacibdir. Bu məsələdə valideyn məsuliyyəti də ön planda olmalıdır – uşaqların hər zaman nəzarətdə saxlanılması və su təhlükəsi barədə vaxtında məlumatlandırılması onların həyatını xilas edə biləcək sadə, amma vacib tədbirdir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “İki sahil”ə açıqlamasında  bildirdi ki,  yay mövsümündə çimərliklərdə baş verən boğulma hallarında müşahidə edilən artım cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır : "Belə hadisələrin başlıca səbəbi kimi vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi və vəziyyəti düzgün qiymətləndirməməsi göstərilir. Təhlükəsiz çimərlik mədəniyyətinin formalaşmaması, nəzarətsiz ərazilərə axın və şəxsi məsuliyyət hissinin zəifliyi insanların həyatını təhlükəyə atır. Əksər hallarda insanlar fəaliyyətinə rəsmi icazə verilməyən, nəzarətsiz və texniki baxışdan keçməyən sahələrdə çimməyi üstün tuturlar. Bu cür ərazilərdə suyun kimyəvi və bioloji təhlilləri aparılmır, dərinlik, sualtı axınlar, yarğanlar kimi təhlükəli faktorlar müəyyən edilmir. Halbuki, rəsmi icazəli çimərliklərdə mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən suyun dibi yoxlanılır, sanitar-epidemioloji vəziyyət qiymətləndirilir, təhlükəli strukturlar və axınlar araşdırılır. Bu tədbirlər insan həyatını qorumağa yönəlib və müvafiq nəzarət sayəsində risklər minimuma endirilir".

Ekspert qeyd etdi ki, statistikaya nəzər yetirdikdə məlum olur ki, boğulma halları əsasən 15–35 yaş arasında baş verir: "Bu yaş qrupu daha çox qaydalara etinasız yanaşan, sərhədləri keçən və əlverişsiz hava şəraitinə məhəl qoymayan şəxslərdən ibarət olur. Xüsusilə böyüklərdə spirtli içki qəbul edərək suya girmək riski dəfələrlə artırır. Uşaqlar da xüsusi risk qrupuna daxildir. Valideyn nəzarətindən kənarda qalan və üzmə bacarığı zəif olan uşaqlar üçün sadə səhlənkarlıq faciəyə çevrilə bilər. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu istiqamətdə ciddi işlər görür. Xüsusilə nəzarət olunan çimərliklərdə təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil edilib. Peşəkar xilasedicilər, müşahidə kameraları, sahilboyu patrul və qüllələr fasiləsiz nəzarəti təmin edir. Nəticə isə göz qabağındadır – bu cür çimərliklərdə boğulma halları demək olar ki, qeydə alınmır.

Təəssüf doğuran hal odur ki, geniş maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşlar hələ də qaydalara əməl etmirlər. Bu, həm fərdi məsuliyyətin zəifliyindən, həm də təhlükəni dəyərləndirmə bacarığının olmamasından qaynaqlanır. Valideynlərin səhlənkarlığı isə daha acınacaqlı nəticələr doğura bilir. Bir çox hallarda uşaqlar “üzməyi bacarır” deyə tək buraxılır ki, bu da qəbuledilməz yanaşmadır. Fəaliyyətinə icazə verilməyən ərazilər çimərlik kimi istifadə olunduqda risk maksimum həddə çatır. Burada nəzarət yoxdur, xilasedicilər yoxdur, texniki təchizat yoxdur. Sualtı axınlar, batıqlıq, lil, kəsici predmetlər və digər görünməyən təhlükələr insan həyatını hər an təhlükəyə ata bilər. Eyni sözləri çaylar, göllər, kanallar və su anbarları haqqında da demək olar – bu yerlər üzgüçülük üçün nəzərdə tutulmayıb və ciddi təhlükə daşıyır".

Elmar Nurəliyevin sözlərinə görə, thlükənin qarşısını almaq üçün ən əsas addım yalnız icazəli və nəzarət olunan çimərliklərdən istifadə etməkdir: "Bundan əlavə əlverişsiz hava şəraitində – xüsusilə küləyin sürəti saniyədə 10–12 metr olduqda – dənizə girmək qəti şəkildə qadağan olunmalıdır. Günün qaranlıq saatlarında çimmək də risklidir, çünki bu zaman nə müşahidə, nə də xilasetmə effektiv həyata keçirilə bilər. Texnologiyanın imkanlarından da səmərəli istifadə vacibdir. Dronlar, uzaqdan idarə olunan xilasetmə vasitələri, müşahidə kameraları və digər rəqəmsal nəzarət sistemləri nəzarətli çimərliklərdə tətbiq olunarsa, boğulma risklərinin aşkarlanması və qarşısının alınması daha effektiv olacaq. Dünyada boğulma hallarının təxminən 70%-i əlverişsiz hava şəraitində, 98%-i isə nəzarətsiz ərazilərdə baş verir. Bu statistik faktlar bir daha göstərir ki, problemin kökü insanın qaydalara əməl etməməsindədir. Azərbaycanda FHN-in peşəkar xidmətləri nəticəsində yüzlərlə insan hər il xilas edilir. Amma ideal vəziyyət – ümumiyyətlə, bu riskin yaşanmamasıdır".

Ekspert vurğuladı ki, nəticə etibarilə hər bir vətəndaş məsuliyyətli olmalı, çimərlik qaydalarına ciddi riayət etməli, uşaq və gəncləri nəzarətsiz buraxmamalıdır. Qəbul edilməli əsas prinsip budur – “Dəniz səhvi bağışlamır.” Bu səbəbdən, qaydaları pozmamaq və təhlükəsizliyə laqeyd yanaşmamaq həyatla birbaşa bağlı olan məsələdir.

Nigar Orucova, “İki sahil”

Seçilən
11
ikisahil.az

1Mənbələr