AZ

Tariximizə sadiqlik milli zənginliymiz, mirasımıza sahibliyimizdir

«Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi»nin  UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil  edilməsi erməni yalanlarının ifşası deməkdir

«Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır»

Heydər Əliyev,
Ümummilli Lider

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş, qoç heykəlləri ilə zəngindir. Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri, arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Bu mənada Naxçıvanın minillik tarixinin daş yaddaşı, Ordubad rayonu ərazisində yerləşən   Gəmiqaya abidəsi ən qədim insan məskənlərindən biridir.  Daşlar üzərindəki  oymalı yazılar Qaranquş, Gamışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. Qədim türk dünyası mədəniyyəti  üçün səçiyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının ən qədim tarixinin və mənəvi zənginliyinin öyrənilməsi üçün zəngin xəzinədir. Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən olan   Cəmiqaya  Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya  təsvirləri qədim insanların məişətini, inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və elmi,  turizm baxımından böyük əhəmiyyət daşıyır.

Gəmiqaya abidələrinin tədqiqinə ilk dəfə  1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanılsa da, 1980-ci illərin sonlarından etibarən tədqiqat işlərinə ara verilib. Yaranmış boşluqdan istifadə edən millətçi erməni «tədqiqatçıları»” gizli şəkildə Gəmiqayada axtarışlar aparıblar. Daş abidələr heç bir elmi əsas olmadan erməni abidəsi kimi təbliğ olunub. Gəmiqayanı «Navsar»”, «Tapanasar»” kimi uydurma adlarla əvəz ediblər. Bədnam erməni tarixçisi A. Ayvazyan Ermənistan Elmlər Akademiyasının «Xəbərlər»” jurnalında (1982, № 2) nəşr etdirdiyi «Navsarın qaya təsvirləri»” adlı məqaləsində yazır ki, guya Gəmiqaya erməni abidəsi olmuş, azərbaycanlılar isə onun adını dəyişdirmişlər (!?). Halbuki ulu babalarımıza məxsus  qaya təsvirləri içərisində türk mifologiyası ilə bağlı ayinləri əks etdirən insan, maral, öküz, quş, it, aslan, ov səhnələri təsvirləri sırf xalqımıza xas əlamətlərdir .  Bütün  Ön Asiya,  rus , türk  tarixçiləri yazırlar ki,  ermənilər  bu əraziyə qayaüstü rəsmlərinin çəkildiyi    tarixdən sonra  gəlmədilər. Gəmiqaya abidələrinin yaşı isə 3000-5000 ilə aiddir.  Rəsmlər  3000–3500 metr yüksəklikdə yerləşən Qaranquş yaylağındadır. Belə təsvirlərə ərazidəki Qəmişölən və Nəbiyurdu yaylaqlarında də rast gəlmək mümkündür. Ümumiyyətlə, Gəmiqaya abidəsi əcdadlarımızın dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inanc və əmək fəaliyyətini özündə əks etdirir. Amma xalqımız babalarından qalma miraslarına sahib çıxdılar.

2013-cü ildə «Gəmiqaya” Tarix-Bədii Qoruğu» və muzey üçün bina istifadəyə verildi. İki yardımçı otaqdan və ekspozisiya zalından ibarət  muzeyin fondunda 200-dən çox eksponat saxlanılır. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziumların materialları toplanıb. Gəmiqaya rəsmlərindən yalnız bir nümunə gətirməklə  bu abidənin xalqımızın minilliklərə söykənən  tarixinə aid olduğunu göstərmək olar.  252 nömrəli daşda canavarın keçiyə hücum etməsi, daha doğrusu, Azərbaycan folklorunda, etnoqrafiyasında bu günə qədər saxlanmış və heyvandarlar tərəfindən icra edilən «qurd ağzı bağlama”» ayini təsvir edilib.

Qayaüstü rəsmlərdə  Azərbaycan folklorunun minilliklərdən  öncəyə – Tunc dövrünə bağlandığı aydın görünür. Təsvirlər  içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı, müxtəlif astronomik və coğrafi təsvirli rəsmlər də vardır. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə həsr olunub. Ona görə də xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcəkdir. Yerli sakinlərin  bu dağların «Qara pir», «Ağalar yurdu», «Cöllər», «Çayın başı» adlı yerlər barədəki  maraqlı söhbətləri, əsrləri arxada qoyan, xalqımıza məxsus inancları hələ də yaşadılan  rəvayətlərin hər biri ulularımızın yaşam tərzinin,  varlığımızın bir parçası, bugünümüzə gədər gələn  salnaməsidir.
 11 iyul 2025-cdi il tarixdə UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş «Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi»nin  Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi xalqımızın  tarixi irsinin öyrənilməsi baxımından  önəmlidir.  Azərbaycanın milli dəyərlərindən sayılan Hirkan meşələrinin, Xınalığın, Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhərin  daxil olduğu  UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına  «Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”»nin də daxil edilməsi   erməni yalanlarının ifşası deməkdir.

Ordubad rayonu ərazisindəki digər maraqlı təbiət abidələrindən biri isə Göygöldür. Rayonun Nürgüt kəndi yaxınlığında, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdə yerləşən Göygölün sahəsi 1,5 hektardır, dərinliyi isə 6,5 metrə çatır. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasında qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, gölün bir tərəfində qar və soyuğu, digər tərəfində isə gül-çiçək və günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.

Bu ərazi də Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid qayaüstü təsvirlərlə zəngindir. Gəmiqayadakı iki təbii göl – Göygöl və Qazangöl də daxil olmaqla, ərazidəki bütün yaylaq, çeşmə, bulaq, dərə-təpələrin adları qədim türk soyları ilə bağlıdır. Araşdırmalara görə, ərazidə qeydə alınmış 100-dən artıq toponim  Azərbaycana məxsus Naxçıvana, 70-ə yaxını isə tarixi torpaqalarımız  Zəngəzur ərazisindədir. Göygöl ilin bütün fəsillərində yağan qar və yağış sularından, eləcə də gölün ortasından qaynayan bulaqlardan qidalanır. Bu təbiət abidəsinin gözəlliyi ondadır ki, burada ilin dörd fəslini də eyni anda müşahidə etmək mümkündür. Belə ki, gölün bir tərəfində qar, bir tərəfində gül-çiçək, bir tərəfində soyuq, bir tərəfində günəşli havanı eyni vaxtda müşahidə etmək mümkündür.  Unikal təbiət abidəsi olmaqla  mis yataqlarına malik Göygöldə mədən izlərinə də rast gəlinib. Həmçinin ərazidə arxeoloji abidələr də mövcuddur. Vaxtılə burada Tunc dövrünə aid kurqanlar qeydə alınıb. Hər iki abidənin beynəlxalq  səviyyəli sənəddə Azərbaycan xalqına məxsusluğunun qeyd olunması bu tarixi yurd yerinə əsassız erməni iddialarının üstündən xətt çəkir. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə muxtar respublikanın tarix və mədəniyyət abidələrinin qorunması və bərpası yönündə bir sıra addımlar atılıb, Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
11
ikisahil.az

1Mənbələr