Ağdam və Ağdərə rayonları ərazilərində davam edən yanğın mina partlayışları ilə müşayiət olunur...
"Report"un Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılan yanğın hələ də davam edir.
Yanğının geniş yayıldığı ərazilərdə əsasən Qazançı kəndi istiqamətində mina partlayışları müşahidə edilir.
Ərazinin dağlıq və minalı olması yanğının söndürülməsi işini çətinləşdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Poliqon-a verilən açıqlamada isə bildirilir ki, sözügedən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir.(Qafqazinfo)
Poliqon.info