Tarix İnstitutu: “Bu tip yazılar ilə qarşı tərəf bilərəkdən intriqaya çəkilir və yeni dairələrin konfliktə cəlb edilməsinə cəhdlər edilir”
Rusiyada bütün istiqamətlərdə, o cümlədən də elm sahəsində antiazərbaycan mövqeyi sərgilənməkdə davam edir. Bəzi rusiyalı tarixçilərinin qərəzli yanaşmaları artıq bütün sərhədləri aşmaqdadır.
Məlum olduğu kimi, bugünlərdə rusiyalı tarixçi, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Aleksandr Dyukov bildirib ki, Azərbaycanın tarix dərsliklərində Rusiya işğalçı və müstəmləkəçi kimi təqdim edilir. Dyukovun sözlərinə görə, sözügedən dərsliklər iki azərbaycanlı tarixçi tərəfindən yazılıb: “Kərim Şükürov və Yaqub Mahmudov - hər ikisi Azərbaycanın aparıcı tarix universitetlərinə rəhbərlik edir və elmi nailiyyətlərinə görə dəfələrlə xaricdən dəstək alıblar.
Yaqub Mahmudovu hətta Rusiyada da tanıyırlar, o, 2011-ci ildə Dağıstan Respublikasının əməkdar elm xadimi adına layiq görülüb”.
A.Dyukov Rusiya hakimiyyətini baş verənlərə reaksiya verməyə çağırır. Bildirir ki, sözügedən dərsliklərin müəllifləri üzərində ayrıca iş aparılmalıdır və ən azı, onların hamısının Rusiya Federasiyasının ərazisinə girişi məhdudlaşdırılmalıdır, onlar Rusiyadan aldıqları adlardan məhrum edilməlidirlər.
Bu məlumat neçə gündü yayılıb, amma hələ də AMEA-nın Tarix və Etnologiya İnstitutundan, orda adı keçən alimlərin özlərindən bir reaksiya gəlməyib. Rusiya tərəfin dediklərinə münasibət bildirilməyib.
Maraqlıdır, niyə cavab verilmir? Siz özünüz hansısa bir media orqanında, sosial şəbəkələrdə Rusiyadan gələn bu ittihama cavab vermisiniz?
“Konyunkturadan irəli gələn belə yazılar elmi baxımdan əhmiyyət kəsb etmir”
AMEA-nın Tarix və Etnologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bunları bildirdilər: “Sorğunuza cavab olaraq bildirmək istəyirik ki, bu və ya digər məsələyə münasibət bildirilməsi irəli sürülən iddiadan asılı olur. Bəhs etdiyiniz yazı o dərəcədə primitiv və siyasiləşmiş bir yazıdır ki, onun mahiyyəti hər bir oxucuya aydındır. Bu tip yazılar ilə qarşı tərəf bilərəkdən intriqaya çəkilir və yeni dairələrin konfliktə cəlb edilməsinə cəhdlər edilir. Konyunkturadan irəli gələn belə yazılar elmi baxımdan əhəmiyyət kəsb etmir. Tarix və Etnologiya İnstitutu Azərbaycan tarixinin bir sıra aktual məsələləri, o cümlədən də Rusiya-Azərbaycan münasibətlərinin tarixinə dair yeni elmi əsərlər üzərində çalışır, onların elmi nəticələri əməkdaşların konfranslardakı məruzələrində və nüfuzlu elmi nəşrlərdə öz əksini tapır. Azərbaycan tarixçilik məktəbi üçün ən önəmlisi ölkənin və onun xalqının tarixi taleyidir və bu xətt ardıcıl şəkildə həyata keçirilir”.
Məsələ ilə bağlı AMEA-nın Tarix İnstitunun keçmiş direktoru, akademik Yaqub Mahmudovla əlaqəyə cəhd etsək də alınmadı. Hər halda, Y.Mahmudovun da deyilənlərə aydınlıq gətirəcəyinə ümid edirik.
İradə SARIYEVA