Akif Nağı: "Avropa Azərbaycana qarşı tutduğu qərəzli mövqelərdən geri çəkilməlidir, Azərbaycanın uğurlarını həzm etməlidir, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktı ilə razılaşmalıdır, Avropada çalınan "erməni mahnıları"na son qoyulmalıdır və s."
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda dedi ki, köhnə Avropa Komissiyası ilə aramızda müəyyən problemlər var idi, onlar məsələyə düzgün yanaşmırdılar, amma yeni komissiyadan biz yeni mesajlar alırıq, biz də onlara müsbət mesajlar veririk, Avropa Birliyi ilə münasibətlərimiz yenidən başlanma prosesindədir.
Bu yeni mərhələnin xüsusiyyətləri nədən ibarət olacaq, proseslər necə davam edəcək?
Baki-xeber.com-a bu barədə açıqlamasında politoloq Akif Nağı bildirdi ki, Azərbaycan bütün beynəlxalq qurumlarla normal münasibətlər saxlamağa çalışır: "Amma kimsə Azərbaycana təzyiq göstərməyə çalışırsa, təhdid dili ilə danışırsa, qərəzli yanaşma sərgiləyirsə, Azərbaycan onların qarşısından qaçmır, susmur, cavablarını verir.
AŞPA ilə münasibətlərimiz hələ də soyuqdur. Bunun düzəlməsi üçün Azərbaycan təşəbbüs belə göstərmir.
Bundan əvvəlki Avropa Komissiyası doğrudan Azərbaycana qarşı qərəzli, ermənipərəst mövqe tuturdu. Yeni komissiya və onun rəhbəri xanım Ursula Fon der Lyayen məsələlərə bir qədər açıq gözlə baxır, Azərbaycana müsbət mesajlar göndərir. Həm də Avropa İttifaqının sədri Antonio Koşta da məsələlərə ayıq gözlə baxan siyasətçidir. Onlar Cənubi Qafqazala münasibətlərin normallaşmasına maraq göstərirlər. Əgər onlar Azərbaycanla munasibətləri normallaşdırmaq istəyirsə, Bakı da onlara əl uzadacaq.
Bilirsiniz ki, Ermənistanın baş naziri Ursula Fon der Lyayen və Antonio Koşta ilə görüşü oldu. Həmin görüşdə onlar mesaj verdilər ki, Cənubi Qafqazda sabitliyin olmasında və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdırlar. Görünür, onlar da anlayır ki, regionda sabitliyin olması üçun birinci növbədə Azərbaycana qarşı qərəzli mövqedən geri çəkilmək lazımdır, regionun lideri Azərbaycandır. Bu artıq bərabərhüquqlu münasibətlərin qurulması mərhələsidir. Qarşı tərəf bu mövqeyi davam etdirsə, munasibətlər normal məcraya dönəcək. Azərbaycan onlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Avropa üzərində bir Rusiya təhlükəsi var. Rusiya-Urayna müharibəsi Avropada ciddi əndişə yaratmışdı ki, Moskva Avropaya müdaxilə edə bilər. Bu təhdidlər indi də qalmaqdadir.
Eyni zamanda Avropanın Rusiyadan enerji asılılığı var. Bunu aradan qaldırmaq yolunda Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirlər. Azərbaycan da öz növbəsində Avropanın çəkindiyi Rusiya qarşısında öz mövqeyini qoydu. Avropa isə Rusiyaya qarşı belə sərt mövqe qoya bilmir, onlar sanksiyalarla kifayətlənir. Avropanın Rusiyaya qarşı 18-ci sanksiyası çox sərt oldu. Rusiya rəhbərliyi özünu aldadır ki, bu sanksiyalardan da çıxa biləcəklər. Amma vəziyyət çox gərgin olacaq, Rusiya iqtisadiyyatına zərbə dalınca zərbə dəyir. Amma Avropa sanksiyalardan başqa Rusiyaya qarşı heç nə edə bilmədiyi halda, onlar görür ki, Azərbaycan Rusiyanın təhdidlərinin qarşısından geri çəkilmir, adekvat cavablar verir. Bu da Azərbaycanın reytinqini Avropada qaldırır. Yəni Avropa Azərbaycanın gücünu görur, ona görə də munasibətlərin normallaşdırılmasında maraqlıdırlar.
Böyük ehtimalla, bütün istiqamətlərdə əməkdaşlıq davam edəcək.
Bunun üçün Avropa Azərbaycana qarşı tutduğu qərəzli mövqelərdən geri çəkilməlidir, Azərbaycanın uğurlarını həzm etməlidir, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktı ilə razılaşmalıdır, Avropada çalınan "erməni mahnıları"na son qoyulmalıdır və s.
Avropada belə təsəvvür yaradıblar ki, guya Bakıda erməni "mələklər" üzərində hərbi məhkəmə qurulub. Avropada humanizim varsa, həmin məhkəmələrdə zərərçəkmiş qismində çıxış edən, gözünün önündə övladının başı kəsilən valideyinin səsinə niyə səs vermir?! Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərini Avropa niyə dinləmək istəmir?! Avropa Azərbaycana qarşı mövqeyini dəyişmək istəyirsə, bütün bu kimi ritorik suallara cavab verməli və səhvlərini düzəltməlidir. İlk növbədə qərəzlərini aradan qaldirmali və təzyiq ritorikasından əl çəkməlidirlər. Belə olacaqsa, münasibətlərimiz normallaşacaq və Azərbaycanla Avropa İttifaqı arasında munasibətlər inkişaf edəcək".
Dəniz NƏSİRLİ